Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olundu

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş və fəxri konsulları, seçkili orqanların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Hollivud aktyoru Çiç Marin, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.

Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, hər kəsi bu xüsusi və möhtəşəm yubiley mərasimində görməkdən çox məmnun olduğunu bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. 

Sonra çıxış edən Kaliforniya Ştat senatoru Coş Nyuman ADR-in 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. Nevada ştatının Las Veqas şəhərinin Protokol ofisinin rəhbəri Geyl Anderson və Kaliforniyanın Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfric çıxış edərək, bu tarixi yubiley münasibətilə Nevada ştatının qubernatoru Brayan Sandoval, Las Veqas şəhərinin meri Karolin Qudman və Monterey şəhərinin meri Klayd Roberson tərəfindən imzalanmış təbrik bəyannamələrini baş konsul N.Ağayevə təqdim ediblər.

Bundan başqa qeyd olunub ki, bu yubiley münasibətilə Kaliforniya ştatının qubernatoru Cerri Braun, Kaliforniyanın Qərbi Hollivud, Yorbal Linda və Salinas şəhərləri, Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərləri və Los Anceles vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış müvafiq təbrik bəyannamələri də Baş Konsulluğa göndərilib.

Tədbir azərbaycanlı gənc vokalist Nail Qurbanovun ifasında Azərbaycan musiqisindən nümunələr və rəqs ustaları Namus Zöhrabov (AR əməkdar artisti), Olqa Zöhrabova və Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar.

Tədbirdən qısa video-görüntülərə bu linkdə baxmaq olar: http://dai.ly/x6k82x9

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31