Kubada Novruz bayramı
23 Mart 2017 12:38 Xarici siyasətAzərbaycan Respublikasının Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar Kubanın aparıcı kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri və Kuba Radio və Televiziya Təşkilatının rəsmilərinin iştirakı ilə dostluq görüşü keçirilib Səfirlikdən "Olaylar" - a bildirilib ki, . Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov qonaqları salamlayaraq, dost Kuba ictimaiyyətinin Azərbaycan mədəniyyəti və reallıqlarına nümayiş etdirdiyi marağa görə minnətdarlığını bildirib. C.Salehov ölkəmizin özünəməxsus olan və xalqımızın minillərlə qoruyub saxladığı Novruz adətləri və ənənələri haqda prezentasiya ilə çıxış edərək ətraflı məlumat verdi. Qədim dövrlərdən öz sülhsevər mədəniyyəti ilə seçilən Azərbaycan xalqının Novruz bayramını təbiətə, zəhmətə və insanlığa sevgi rəmzi olaraq qeyd etdiyini bildirən diplomat, müasir dövrümüzdə iqlim dəyişikliyi və digər qlobal çağırışlar və təhdidlər qarşısında sülhü və tərəqqini təcəssüm edən bu bahar bayramının ümumdünya miqyasda əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirildi ki, məhz bu səbəbdən sevindirici hal olaraq, Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 Mart "Beynəlxalq Novruz Günü" kimi elan edilmişdir. Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq bir dövrdə davam edən işğalçılıq və etnik təmizləmə siyasəti və onun nəticələri haqda məlumat verilərək qeyd edilmişdir ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti nəticəsində 1993-cü ildən sonra, ərazilərinin 20 faizinin işğal altında qalmasına və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkəmiz öz müstəqilliyini qoruyub saxlamış, yeni sabitlik və sürətli iqtisadi inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan diplomatı bildirmişdir ki, məhz bu tarixdən Azərbaycan müstəqil dövlət olaraq xalqımızın əziz bayramı olan Novruz bayramını ən yüksək səviyyədə el şənlikləri ilə qeyd etməyə başlamışdır. Görüş zamanı Kubanın mətbuat nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri ilə bağlı sualları cavablandırılmışdır. Tədbir iştirakçılarına təqdim edilmiş Novruz bayramına xas olan təamlar qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Sonda KİV nümayəndələrinə ölkəmizdə Novruz bayramının qeyd edilməsinə həsr edilmiş sənədli film və Kubanın "Havana" kanalının Azərbaycanda Novruz çərşənbələrindən bəhs edən televiziya reportajları nümayiş etdirildi.