Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol tikintisindən görüntülər
18 Yanvar 15:13 TikintiAzərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Olaylar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.
Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.
Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.
"İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.