Iğdırdan Azərbaycana yol çəkilməsi hansı üstünlüklər qazandıracaq? - AÇIQLAMA
24 Sentyabr 2021 17:12 Tikinti"İqdırdan Naxçıvana çəkiləcək yol ölkəmizin ticarət həcminin elastikliyinə nail olacağıq. Bu da mühüm əhəmiyyət kəsb edir. Layihənin uğur qazanacağını düşünürəm. İstər təcrübə baxımından, istər maddi-maliyyə dayanıqlığı, istərsə də idarəedici kadr potensialı nöqteyi-nəzərindən bu istiqamətdə ciddi təcrübəmiz var".
Olaylar.az xəbər verir ki, bu sözləri İqdırdan Azərbaycana yol çəkiləcəyilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib:
"Naxçıvan Muxtar Respublikası məlum səbəblərdən uzun müddət blokada şəraitində yaşayıb. Belə vəziyyətdə ümid yolu olaraq vaxtilə "Sədərək yolu"nun açılması ilə Türkiyə ilə Naxçıvan arasında əlaqələr quruldu. Bu yol birbaşa İqdırla Naxçıvanı birləşdirirdi".
Ekspert qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasının gündəmdə olması fonunda, İqdırdan Naxçıvana çəkilən dəmir yolu Azərbaycanın Gürcüstan üzərindən keçən infrastrukturunun, əsasən də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin diversifikasiya olunması, yəni təkrarlanması və sığortalanması demək olacaq:
"Azərbaycan şərqlə qərbi, şimalla cənubu birləşdirən geostrateji mövqedə yerləşib. Bu xətlərin diversifikasiyası isə həm Azərbaycana yük daşımaların həcminin artımına, həm də ölkə daxilində istehsal olunan məhsulların rahatlıqla istənilən istiqamətə ixracının təmin edilməsinə şərait yaradacaq".