Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Bişkekdə Alıkul Osmonov adına Milli Kitabxananın Çingiz Aytmatov zalında tanınmış rusiyalı rejissor Qriqori Naxapetovun "Planetlə dialoq" adlı sənədli filminin nümayişi keçirilib. Kinofilm məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı Şahin İsgəndərov, Qırğızıstan Prezidenti Administrasiyasının, nazirliklərinin nümayəndələri, ictimai xadimlər, Azərbaycandan olan nümayəndə heyəti və digər şəxslər iştirak ediblər. 
Tədbirin təşkilatçısı qismində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu çıxış edib.
İlk söz Qırğızıstan Respublikası Prezidenti administrasiyasının rəsmisi Kıyal Canuzakovaya verildi. O, tədbir iştirakçılarına Qırğızıstan Respublikası Prezidenti Sadır Japarovun təbrik məktubunu oxudu. 
Sonra söz Gəncə Dövlət Universitetinin dosenti, pedaqoji elmlər doktoru Bayram Apoyevə verildi. O,  çıxışında qeyd edib ki, Heydər Əliyev və Çingiz Aytmatov təkcə türk xalqının deyil, həm də dünyanın ən tanınmış şəxsiyyətləri sırasına daxildirlər. O, Azərbaycan və qırğız xalqları arasında siyasi və mədəni əlaqələrin inkişafında onların mühüm rolunu qeyd edib.
"Film təkcə Çingiz Aytmatovun yaradıcılığına deyil, həm də müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin fəaliyyətinə həsr olunub. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, eləcə də türk ölkələri və xalqları arasında münasibətlərin inkişafında və genişlənməsində müstəsna rolunu nəzərə alsaq, bu təsadüfi deyil. Ulu Öndər Azərbaycan xalqının zəngin bədii irsinin, mədəniyyətinin, incəsənətinin və ənənələrinin qorunub saxlanması, eləcə də bütün türkdilli ölkələrin mənəvi irsini özündə əks etdirən ideyaların formalaşması və inkişafı üzrə mühüm prinsipial tədbirlər həyata keçirirdi", - deyə Qırğızıstanın Mədəniyyət Nazirliyinin mədəni irsin qorunması və inkişafı idarəsinin müdiri Rinat Bakeyev bildirib. 
R.Bakeyev əlavə edib ki, hazırda məhz kinematoqrafiya hər iki xalqın görkəmli oğullarının tanınmasında və xatirələrinin yad edilməsində təsirli vasitədir. O deyib: "Biz əminik ki, bu film xalqların mənəvi baxımdan zənginləşməsinə xidmət edəcək və təkcə iki ölkə arasında deyil, bütün türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmlənməsində körpü olacaq". 
Sonra Qırğızıstan Respublikası Milli Teleradioşirkətinin ali dərəcəli diktoru  Jıpara Şabdanaliyeva Azərbaycanın polis general-mayoru Həsən Şirinovun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi, qırğız şairi Sooronbay Jusuyev tərəfindən tərcümə olunan "İlahi qüvvədir, Heydər Əliyev." adlı şeirini, eləcə də Şahmar Əkbərzadənin Çingiz Aytmatova həsr etdiyi "Bakı və Frunze vaxtı" şeirini səsləndirib.
Bundan başqa Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili Komissiyasının direktor müavini Jıldız Orozbekova, Qırğızıstan Respublikasının təhsil nazirinin müavini Lira Samıkbayeva, yazıçı Temiraliev Smaltbek, Bişkekdəki Heydər Əliyev adına  20 nömrəli tam orta məktəbin direktoru Kanykey Alımkulova çıxış edərək Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyev və Çingiz Aytmatovun əvəzolunmaz rolundan danışıb.
Daha sonra Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilən "Planetlə dialoq" filminin nümayişi olub.
Filmin nümayişindən sonra ədliyyə general-leytenantı Zootbek Kudaiberqenovun çıxışı gurultulu alqışlarla qarşılandı. O, çıxışında deyib: - Böyük dövlət xadimi Heydər Əliyevin və mütəfəkkir, filosof və yazıçı Ç.Aytmatovun təkcə qardaş Qırğızıstan və Azərbaycan xalqlarının əlaqələrinin möhkəmlənməsində mühüm rolu təkcə ölkələrimiz arasında deyil, həm də bütün türk dünyasında danılmazdır. O, daha sonra deyib:- Əlaqələrin daha da möhkəmləndirilməsi üçün xalqlarımız arasında milli mənəvi dəyərlərimizin təbliği lazımdır. Məsələn, bundan ötrü  Qırğızıstan Respublikasında Azərbaycan gününün və əksinə, elan edilməsi, milli adət-ənənələrin, mədəniyyətin və incəsənətin nümayişi, səhnələrin hazırlanması, birgə sənədli və bədii filmlərin yaradılması kimi bir-birinə yaxınlaşdıran heç nə olmadığını nəzərə alaraq bu boşluqları doldurmaq lazımdır. Əcdadlarımız,- Manas və Azərbaycan qəhrəmanları haqqında, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərin nümayişini özündə əks edirən tədbirlərin tez tez təşkil edilməsi vacibdir.  Biz, bütün türk dünyası ilə bir xalq olduğumuzu  dünya bildirməliyik.
Tədbirin sonunda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov toplaşanlara minnətdarlığını bildirib. 
Tədbir çərçivəsində Fondun Ümummilli Lider Heydər Əliyev haqqında Bişkekdə dərc etdiyi kitabların təqdimatı olub.
Onu da qeyd edək ki tədbiri Qırğızıstan mətbuatı geniş işıqlandırıb. 
Təqdimatın aparıcılığını tanınmış yazıçı və Manasçı Temirbek Toktoqazıyev edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31