Yeni uğurlar arzusu ilə…
15 Fevral 11:40 Teatr və kinoÖlkəmizin hər bölgəsi, hər qarışı maraq dairəmdə olsa da, mənim üçün Naxçıvan Muxtar Respublikasının yeri hər zaman fərqli olmuşdur. Coğrafi mövqeyindən, yaşantısından, sosial-mədəni həyatından ta adət-ənənəsinə qədər hər şeyi ilə diqqətimi çəkmişdir. Bəlkə də bu qədər marağın səbəbi onun haqqında bildiyim məlumatların yalnız eşitdiklərimdən ibarət olması idi. Təəssüf ki, müəyyən səbəblərdən son illərə qədər bunu dəyişmək imkanım olmamışdır.
Təbii ki, Naxçıvan Muxtar Respublikasının mədəni həyatı, eləcə də teatrı haqqında da yalnız nəzəri məlumatlara sahib idim. Uzun illik tarixə malik Naxçıvan Dövlət Milli Dram Teatrı ilə real tanışlığım isə çox qəribə də olsa, ölkəmizdən kənarda - Türkiyədə, İstanbul şəhərində Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən Beşinci Maltepe Beynəlxalq Teatr Festivalında baş tutdu.
Çox haşiyəyə çıxmadan qeyd etmək istəyirəm ki, bu tanışlıq nəticəsində Naxçıvan teatrının fəaliyyəti, problemləri, uğurları ilə bağlı ətraflı məlumatlar əldə etməklə yanaşı, həm də Naxçıvan teatrının gələcək uğurlarına təkan verəcəyinə inandığım aktyorlarından birini - Avrasiya Teatrlar Birliyinin Naxçıvan təmsilçisi seçilən Nəsimi Məmmədzadəni yaxından tanımaq şansım oldu.
Hər şeydən əvvəl onu qeyd etməliyəm ki, çətin coğrafi, sosial-siyasi vəziyyətdə olan bir bölgənin teatrı olaraq dünya teatrları üçün böyük əhəmiyyət kəsb edən festivalın fəxri qonaqları arasında olmaq özü bir uğurdur. Bu uğurun bilavasitə iştirakçılarından biri də hazırda teatrın aparıcı aktyorlarından olan Nəsimi Məmmədzadə idi. Cəmi bir neçə gün içində fərdi keyfiyyətləri, dünyagörüşü ilə həm yerli, həm də xarici iştirakçıların əksəriyyətinin diqqətini çəkdi Nəsimi Məmmədzadə.
Tanışlığımızın belə bir yazı ilə nəticələnəcəyi ilk vaxtlarda nə onun, nə də mənim ağlıma gəlmirdi. Festival zamanı aparılan sənət müzakirələri və söhbətlərindən sonra bu qənaətə gəldim ki, bölgə teatrlarımızda fəaliyyət göstərən peşəkar aktyor və rejissorların (təəssüflə qeyd etməliyik ki, bölgə teatrlarında sənətinin ali təhsilini almış, peşəkar aktyor və rejissorlar barmaqla sayılacaq qədər azdır) uğurları haqqında məlumat vermək, onların yaradıcılığına işıq tutmaq bizim mənəvi borcumuzdur.
Nəsimi Məmmədzadənin sənət yolu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsindən başlamışdır. Böyük sənətkarımız Həsənağa Turabovun rəhbərliyi ilə teatr sənətinin sirlərinə yiyələnən aktyor təhsilini başa vurduqdan sonra doğulduğu torpağa qayıdaraq öncə R.Təhmasib adına Şərur rayon Xalq teatrında rejissor olaraq fəaliyyətə başlamışdır.
Böyük sənət həvəsi ilə işə başlayan Nəsimi Məmmədzadə burada müxtəlif üslub və janrlı tamaşalara quruluş verir, yaradıcılıq imkanlarını genişləndirir. Quruluş verdiyi "Ayı" (A.P.Çexov), "Müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundov), "Quyruqlu ulduz" (Ü.Hacıbəyovun bir pərdəli pyesləri əsasında), "Çimnaz xanım yuxudadır" (S.Rüstəm), "Xoşbəxtlər" (S.Rəhman), "Rəhmə gəl mələyim" (Q.Rəsulov), "Yuxu" (C.Məmmədquluzadənin "Ölülər" əsərinin motivləri əsasında), "Dindirir əsr bizi" (M.Ə.Sabirin), "Evlənmək istəyirəm" (N.Məmmədzadə), "Qısqanc ər" (C.Aslanoğlu), "Ac həriflər" (Ə.Haqverdiyev), "Ev tərbiyəsinin bir şəkli" (Ə.Haqverdiyev), "Motsart və Salyeri" (A.S.Puşkin), "Sənəm" (E.Sultanov), "Hekayəti vəziri xani Lənkəran" (M.F.Axundov), "Vətən Sevgisi" (T.Kərimova), "Mamoy kişinin yuxuları" (V.Səmədoğlu, Naxçıvan Dövlət Milli Dram Teatrında) kimi əsərlər gənc rejissorun teatr səhnəsində yeni bir imtahanı oldu.
Hər hansı aktyor və rejissorun yaradıcılığından söhbət açarkən, əsasən onun ən yaddaqalan rolu və tamaşası haqqında danışırıq. Nəsimi Məmmədzadənin həm quruluş verdiyi tamaşaların, həm də ifa etdiyi rolların siyahısına nəzər yetirəndə belə bir seçim etməkdə çətinlik çəkdim. Çünki onun bütün tamaşaları özünəməxsusluğu, bir-birindən fərqlənən uğurlu cəhətləri ilə seçilir. Bunun nəticəsidir ki, yuxarıda adlarını sadaladığım tamaşaların bir çoxu doğma səhnələrindən kənarda, ayrı-ayrı festival və müsabiqələrdə dəfələrlə nümayiş etdirilmiş, müxtəlif mükafatlara layiq görülmüşlər. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Xalq teatrlarının I Ümumrespublika Müsabiqəsində "Müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundov) tamaşası ilə iştirak edən və müsabiqənin qalibləri arasında olan gənc rejissor 2019-cü ildə üçüncüsü keçirilən eyniadlı müsabiqəyə A.S.Puşkinin bir pərdəli pyesi əsasında hazırladığı "Motsart və Salyeri" tamaşası ilə qatılmış və "Ən yaxşı rejissor" nominasiyası ilə təltif olunmuşdur.
Hər zaman yeniliyə, novatorluğa can atan Nəsimi Məmmədzadənin quruluş verdiyi tamaşalarda diqqət şəkən əsas məsələlərdən biri də seçdiyi səhnə əsərlərinin janr müxtəlifliyidir. Əlbəttə, əsəri janrına görə dərk etmək və onun tamaşa halında bunu olduğu kimi saxlamaq nisbətən sadə məsələdir. Bədii mətnlə onların səhnə təcəssümləri arasındakı fərqlər Nəsimi Məmmədzadənin əsərə yaradıcı kimi yenidən baxdığının, onları yaradıcılıq süzgəcindən keçirdiyinin aydın təzahürüdür. Tamaşaların uğurunu şərtləndirən əsas məsələlərdən biri də quruluşçu rejissorun bədii materialların üslub xüsusiyyətlərini düzgün duymasıdır. O, üzərində yaradıcılıq işi apardığı tamaşanın daha uğurlu, daha baxımlı olması üçün hər bir detalı incəliklərinə qədər həll etməyə çalışır, mahiyyəti, məzmunu emosionallıqla cilalayır və və tamaşaya həyati təravət gətirir.
Yaradıcılığının ilk günlərindən, həm də özünü rejissor kimi sübut edən Nəsimi Məmmədzadənin aktyorluq fəaliyyəti, ifa etdiyi rollar da - Nizami Gəncəvi ("Qlınc və qələm", M.S.Ordubadi), Şöklü Məlik ("Burla Xatun", N.Xəzri), Abbas Qədimov ("Araz sahilində doğan günəş", H.Eyvazlı), şair Sereteli ("Mizə Fətəli", Ş.Mehdiyev), Laloğlan ("Koroğlunun çənli belə gəlişi", A.Babayev), Lomov ("Russayağı evlənmə", A.P.Çexov), Rauf ("Göz Həkimi", İ.Səfərli), Molçalin ("Ağıldan bəla", A.Qribayedov), Mamoy kişi ("Mamoy kişinin yuxuları", V.Səmədoğlu), şah Təhmas ("Nadir Şah", N.Nərmənov), Salyer ("Motsart və Salyeri", A.S.Puşkin), Ədalət ("Xilaskar", A.Babayev), Səlim bəy ("Lənkəran xanının vəziri" M.F.Axundov) və başqaları mövzu, janr və üslub baxımından müxtəlifliyi və zənginliyi ilə diqqət çəkir. Həm facəvi, həm komik, həm də dramatik rolların ifası bir tərəfdən aktyorun yaradıcılıq palitrasının rəngarəngliyindən xəbər verirsə, digər tərəfdən onun yüksək peşəkarlığının göstəricisidir.
Çoxcəhətli yaradıcı şəxsiyyətə malik Nəsimi Məmmədzadə tükənməz enerji qüvvəsi, fərdi özünəməxsusluğu və zəhmətsevərliyi sayəsində həm də qiraət ustası kimi tanınmışdır. Bu danılmaz faktdır ki, aktyorun ən vacib "silahı" nitq, danışıq mədəniyyətidir. İfa tərzi, şeirə yanaşması, qiraətindəki təbiiliyi ilə fərqlənən aktyorun səsinin sehri də layiqincə dəyərləndirilib. O, 2013-cü ildən üzvü olduğu Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müxtəlif illərdə (2011, 2022) keçirilən bədii qiraət müsabiqələrinin diplom və mükafatlarına layiq görülüb.
Hər bir yaradıcı insanın sənətinin qiymətləndirilməsi, dəyər görməsi ona stimul verən əsas səbəblərdəndir. 2014-cü ildə "Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi" döş nişanı və müxtəlif illərdə (2016, 2023) Prezident mükafatına layiq görülən Nəsimi Məmmədzadə inanırıq ki, bundan sonra da vurğunu olduğu sənətini uğurla davam etdirəcək, yeni-yeni tamaşa və rollarla teatrsevərləri sevindirəcək.
Vəfa Mühacirova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru