“Növbəti stansiya 20 Yanvar” – AzTV Qara Yanvar şahidlərini filmə çəkdi - VİDEO

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC 20 Yanvar faciəsinə həsr edilmiş "Növbəti stansiya 20 Yanvar" adlı film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, "Kinoproqramlar redaksiyası"nın çəkdiyi sənədli film 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq ərsəyə gətirilib.

Sənədli filmdə "Bakı Metropoliteni" QSC-nin əməkdaşları çəkilib. Belə ki, 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə metro işçiləri şahidi olduqları hadisələri yenidən xatırlayıblar, filmdə səsləndiriblər.

Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Nicat Nağızadə, ssenari müəllifi Afaq Əhmədova, layihənin rəhbəri isə Elnur Məmmədovdur.

Filmin çəkilişlərinin əksəriyyəti "20 Yanvar" metrostansiyasında aparılıb.

Film yanvarın 20-si saat 22:20-də AzTV-də yayımlanacaq.

Filmin anonsunu təqdim edirik: https://www.youtube.com/watch?v=lhHmdUNTRC8&ab_channel=AZTV

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

QSC-nin nəzdində hazırda 3 televiziya kanalı - AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı - Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də,  İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.

QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31