“Köhnə çamadanlar” bədii filmin təqdimatı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatrının istehsalı olan "Köhnə çamadanlar" bədii filmi sentyabrın 29-dan şəhərimizin "CinemaPlus" kinoteatrlarında yayımlanacaq. Nazirlikdən "Olaylar"a bildirilib ki, film Vətən müharibəsində qazanılan şanlı Qələbəmizə həsr olunub. İnklüziv kino nümünəsi olan filmin baş sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "RS Production", digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və "AK Company"dir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də qoşulduğu layihə çərçivəsində ərsəyə gələn "Köhnə çamadanlar" filmi yeni inklüziv yaradıcılıq nümunəsidir. 90 nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs iştirak edib.Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılovadır. Filmdə xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva və Zemfira Əbdülsəmədova və b. çəkilib. Vətən müharibəsinin 25 iştirakçısının da iştirak etdiyi film 29 sentyabrdan şəhərimizin "CinemaPlus" kinoteatrlarında nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31