Məşhurlar bu qadağanın ləğv olunmasına sevindilər - FOTO

Azərbaycanda 2021-ci il oktyabrın 1-i tarixindən müəyyən sahələrdə karantin rejimi yumşaldılaraq bəzi müəssisələrin fəaliyyətinə qoyulan qadağa aradan qaldırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu sahələr arasında mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla) kinoteatrlar və teatrlar da var.

BAKU.WS xəbər verir ki, teatrların açılmasına sevinən məşhurlar müxtəlif foto və videolar yayımlayaraq bununla bağlı statuslar yazıblar.

Əməkdar artist Mehriban Xanlarova teatrların fəaliyyətinin bərpa olunmasına belə münasibət bildirib:

"Nəhayət, karantin qaydalarının yumşaldılması nəticəsində növbə teatrlara da çatdı. Artıq oktyabrın 2-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və digər bütün teatrların qapıları sevənlərinin üzünə açıq olacaq. Səhnəmizin pərdələri teatr xadimlərinin və teatr sevənlərin gəlişi ilə açılacaq".

Xalq artisti Firəngiz Mütəllimova da teatrların açılmasına sevinən məşhurlardandır. Aktrisa sosial şəbəkə hesabında bununla bağlı status yazıb.

"Əziz teatrsevərlər və həmkarlarım, hamınıza ilk növbədə cansağlığı arzu edirəm. İnşallah, hər şey ürəyimizcə olar. Uğur bizdən əl çəkməsin. Uzun müddətdən sonra teatrların açılması sevincimi sizinlə bölüşmək istədim"- deyə, Xalq artisti, qeyd edib.Əməkdar artist Sənubər İsgəndərli isə "Əziz teatrsevərlər, sizinlə yenidən görüşmək ümidi ilə" sözlərini yazaraq bu sevincini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xalq artisti Məleykə Əsədova da teatrların fəaliyyətini bərpa etməsi ilə bağlı paylaşım edib. Aktrisa şəxsi instaqram hesabında bunları yazıb:

"Oktyabrın 1-dən teatrlar açılır. Səhnə, obrazlarım, tamaşaçı alqışı üçün çox darıxmışam. Allah izin versə yəqin ki, sizlərlə teatrda görüşəcəyik"Xalq artisti Faiq Ağayev isə kinoteatrlarla bağlı paylaşım edib. Sənətçi kinoteatr zallarından birində özünün 4 əksinin yer aldığı fotonu yayımlayaraq "Dördümüz də kinoteatrların açılışını səbirsizliklə gözləyirik" qısa şərhini yazıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, konsert zalları da daxil olmaqla kinoteatrlar və teatrların fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmaması şərtilə  icazə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31