“Sərhədsiz kino” – İran filmləri Azərbaycan dilində
Mayın 29 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilində ekranlaşdırılmış İran filmləri təqdim olundu. Layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüsser Rıza Siamidir. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino-televiziya sənətləri” kafedrasının müdiri kinooperator Rafiq Quliyev son illər İran filmlərinin beynəlxalq festivallarda qazandığı uğurları xatırlatdı.
30 May 2018 11:53 Teatr və kinoMayın 29 -da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilində ekranlaşdırılmış İran filmləri təqdim olundu. Layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüsser Rıza Siamidir.
Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri kinooperator Rafiq Quliyev son illər İran filmlərinin beynəlxalq festivallarda qazandığı uğurları xatırlatdı.
Daha sonra çıxış edən kinorejissor və prodüsser Rıza Siami bildirdi ki, artıq "Sərhədsiz kino" layihəsi bir neçə dəfə Türkiyədə təşkil olunsa da, Azərbaycanda ilk dəfə həyata keçirilir.
Üç gün davam edəcək layihədə Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim ediləcək. Onlardan dördü sənədli, onu isə bədii filmdir.
Layihə çərçivəsində 12 rejissor tələbələrlə görüşəcək, master-klaslar təşkil olunacaq.
Rıza Siami çıxışı zamanı qeyd etdi ki, "Sərhədsiz kino" nun əsas məqsədi İranda Azərbaycan dilində çəkilən filmlərin başqa ölkələrdə də izlənilməsidir. "Çünki, İran filmləri deyəndə çoxları fars dilində olan filmləri nəzərdə tuturlar. Uzun zamadır ki, İranda Azərbaycan dilində qısametrajlı filmlər çəkilir. Amma bu haqda informasiya çox azdı. Artıq son iki -üç ildə də İranda azərbaycan dilində bədii filmlər çəkilir. Bu il isə İranda Azərbaycan dilində dörd filmin çəkilməsi nəzərdə tutulub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh xanım Əliyeva və Rafiq müəllimə təşəkkürümü bildirirəm ki, təklifimizi qəbul etdilər. Çalışırıq ki, "Sərhədsiz kino" davamlı və uzunömürlü olsun".
Layihənin ilk günü dörd film nümayiş olundu: "Nəcis" (rejissoru Bəhnən və Bəhrəm Ərk), "Qəfəs" (rejissoru Şahzad Qureyiş), "Səs" (rejissoru Ərturan Nəcəfi Göl), "Qarlı damlar" (rejissoru Haydə Muradi), "999999999" (rejissoru Kərim Əzimi)
Filmlərin nümayişindən sonra rejissorlar iştirakçıların filmlərlə bağlı suallarını cavablandırdılar.
Layihənin ikinci günündə "Ardak" (rejissoru İsmayıl Münsif), "Yara" (rejissoru Əlirza Səlmanpur), "Mən İsmətəm" (rejissoru Leyla Novruzi), "Daş abidə" (rejissoru Rza Cəfərzadə), "Ətirşahın qışı" (rejissoru Leyla Əhədi) filmləri nümayiş olunacaq.
Layihənin sonuncu günün də isə "Sərhəd uşağı" (rejissoru Rza Camali), "Şimşək" (rejissoru Fərhad Eyvəzi), "Məzarlıq kişiləri" (rejissoru Əli Mərdümi), "Doğum" adlı filmlərin (rejissoru Siyamək Əta) nümayişi gözlənilir.
Qeyd edək ki, "Sərhədsiz kino" mayın 31 -dək davam edəcək.
Nigar Adil