"Kurtlar Vadisi"nin Ömər Babası Musiqili Teatrda
"Kurtlar Vadisi"ndən Ömər Baba obrazı ilə tanınan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi”, “Matryoşka” tamaşalarının müəllifi kimi tanınan müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.
13 Mart 2018 13:24 Teatr və kino"Kurtlar Vadisi"ndən Ömər Baba obrazı ilə tanınan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan "Uçqun", "Gözəlçələr", "Ziyarətçi", "Matryoşka" tamaşalarının müəllifi kimi tanınan müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.
Olaylar.az bildirir ki, qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.
Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan "Nuri-didə Ceyhun" (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.
Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncer Cucenoğlu yaxın gələcəkdə əsərlərinin Musiqili teatrın möhtəşəm səhnəsində tamaşaya qoyulacağına ümid etdiyini bildirdi.