Tofiq Kazımovun xatirəsi yad edildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib. O, Şekspirin "Hamlet", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" və digər əsərləri tamaşaya hazırlayıb.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması və inkişafı Tofiq Kazımovun adı ilə bağlıdır. 

Rejissorun sənət yolundan söz açan Əməkdar İncəsənət Xadimi İlham Rəhimli deyib: "Tofiq Kazımovla tanışlığımın tarixi 60 il əvvələ gedib çıxır. İlk görüşümüz "Azərbaycanfilm" kinostudiyasında olub və bu məkanda ondan ilk xeyir-duanı almışam. Teatr sənəti ilə bağlı bir çox məsələni ondan əxz etmişəm. Tofiq Kazımovun quruluş verdiyi bütün tamaşalar böyük sevgi ilə qarşılanıb. Onun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq".

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov görkəmli rejissorla bağlı xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar. İkihissəli səhnə əsərinə Azərpaşa Nemətov quruluş verib. Tamaşada görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. 

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azərpaşa Nemətova məxsusdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31