Musiqili Teatrda Xanım Qafarovanın xatirəsi yad edildi
16 May 2017 12:12 Teatr və kinoMusiqli Teatrında əməkdar artisti Xanım Qafarovanın xatirəsi yad edilib. Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasının növbəti nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Xanım Qafarovanın həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, onun özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. Daha sonra "Arşın mal alan" tamaşası nümayiş olunub.
1996-cı ildə Xanım Qafarova Musiqli Teatrına (o vaxtki Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) dəvət olunub. Bu sənət ocağında istedadlı aktrisa Gülnaz ("O olmasın, bu olsun"), Bağdagül ("On min dollarlıq keyf"), Könül ("Nəğməli könül"), Məleykə ("Hərənin öz ulduzu"), Röya ("Səhnədə məhəbbət"), Məleykə ("Bankir adaxlı"), Qəmər ("Məhəbbət oyunu"), Sona ("Talelər qovuşanda"), xəbərçi Xədicə ("Aldın payını, çağır dayını"), Xəyalə ("Şeytanın yubileyi") kimi yaddaqalan obrazlar yaradıb.
2003-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adı ilə təltif olunub. Prezident Mükafatçısı idi.