Teatrdakı yeniliklər beynəlxalq mətbuatda
15 May 2017 16:08 Teatr və kinoGənc Tamaşaçılar Teatrı 2011-ci ildən Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in üzvüdür. Dünyanın 105-dən artıq aparıcı ölkəsinin teatrlarının üzv olduğu bu nüfuzlu qurumun hər ay elektron formatda aylıq bülleteni yayımlanır. Cari ilin may-iyun ayları üçün nəzərdə tutulmuş bu dəfəki bülletendə teatrın beynəlxalq əlaqələrin qurulmasına göstərdiyi xüsusi diqqət əks olunub. Bundan başqa bülletendə qarşılıqlı qastrol səfərləri, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları, teatrımızın sözügedən oyunlara hazırlığı, göstərilən tamaşalar haqqında məlumat yer alıb. Teatrdan "Olaylar" - a bildirlib ki, bu ay C.Rodarinin "Çippolino" əsəri əsasında yeni tamaşa hazırlamaq üçün Rostov "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova teatra dəvət olunacaq, may ayının son günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Moskvada keçiriləcək növbəti Beynəlxalq Rejissor Laboratoriyasında iştirak edəcək.