ADMİU-da “Sonsuz dəhliz”

Mədəniyyət və İncəsənət Universitetində  Təhsil Nazirliyinin təşəbbüsü ilə "Sonsuz dəhliz" filmi nümayiş olunub. Universitetdən "Olaylar" - a bildirilib ki, nazirliyin nümayəndəsi İntiqam Babayev və Universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyini vurğulayıb.

Litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından söz açan sənədli filmi "Sonsuz dəhliz", Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Litvalı jurnalist Riçardas Lapaytis 23 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı "sonsuz dəhliz"də yaxınlarını itirən insanların hekayələrini dinləyib. Filmin süjeti real hadisələr və kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.

"Sonsuz dəhliz" filmi professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb, "Xocalıya ədalət!" kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndilərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan biri olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31