Akademik Milli DramTeatrda Həsən Əbluca həsr olunan “Ölülər” tamaşası nümayiş olundu
25 Aprel 2017 10:01 Teatr və kinoAkademik Milli Dram Teatrında aktyor, rejissoru, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunan "Ölülər" tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, tədbirdə Həsən Əblucun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, universitet tələbələri iştirak ediblər.
Tamaşanın nümayişindən əvvəl xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək Həsən Əblucun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.
Həsən Əbluc nəinki teatrda, eləcə də televiziyada da uğurla fəaliyyət göstərib, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.
Daha sonra Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub. İki hissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
"Ölülər"in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.