Bu bazar prodüser Fehruz Şamıyev tövsiyə edir...

Bu bazar prodüser Fehruz Şamıyev tövsiyə edir..."Bazar günü" rubrikamızın bu dəfəki qonağı kinoprodüser Fehruz Şamıyevdir. Hər birinizə qonağımızın maraqlı tövsiyələri ilə maraqlı, zəngin istirahət günü arzulayırıq.

KİTABINIZ 

Onore De Balzak "Qorio ata"
Voke pansionunda Qorio adlı yaşlı bir kişi yaşayır. Pansion sakinləri onu həqarətlə "Qorio ata" çağırırlar. Onlardan biri- gənc Rastinyak təsadüfən Qorionun faciəvi taleyindən xəbər tutur, onun xırda tacir olduğunu, zəngin sərvətini çox sevdiyi qızlarına sərf elədiyini, qızlarının isə yüksək cəmiyyətin nümayəndələrinə ərə gedəndən sonra atalarından utanaraq onu atdıqlarını öyrənir. Bu hadisə Rastinyaka stimul verir və o, nəyin bahasına olur-olsun, Parisi fəth eləmək qərarına gəlir. 
"Qorio ata" əsəri ilə yaşadığımız cəmiyyət arasında uyğunluq görürəm. Bəzən bu roman cəmiyyətin zərbələrinə tab gətirməyə, dözməyə kömək olur. 

FİLMLƏRİNİZ

Mən rubrikanın şərtlərini pozaraq bir yox, bir neçə film tövsiyə etmək istəyirəm. Düşünürəm ki, bu filmlərə hər kəs baxmalıdır.  

Polşalı rejissor Kşiştof Keslyovskinin "Dekaloq" və "Ağ", "Qırmızı" və "Göy" trilogiyası... 

Bəzən elə olur ki, adam beynində hansısa hadisələri sıralayır və qeydlər etməyə başlayır, onu narahat edən mövzunu və ya mövzuları dəqiqləşdirir. Sonra dünya kinosunu gözdən keçirəndə həmin mövzular əsasında şah əsərlər yaradıldığını görürsən. Keslyovskinin "Dekaloq"u, "Göy", "Ağ", "Qırmızı" trilogiyası kimi... Düzdü, özün yeni hadisələr və formalar düşünməyə başlayırsan, Keslyovskini yamsılamamağa çalışırsan, amma sənə elə gəlir ki, hər nə olur-olsun, onu yamsılayacaqsan.  

Yapon rejissoru Akira Kurosavanın "Rassemon", "Yeddi samuray" filmləri... 

Kurosavanı dünya kinosunun ustadlarından sayıram. Bir məktəb olaraq onun filmlərini həm tamaşaçı, həm də tələbə kimi izləmək lazımdır. 

İtalyan rejissoru Federiko Fellininin "Kabiriyanın gecələri" filmi... 

Həyatda yetərincə balaca adamlar var. Fellini "Kabiriyanın gecələri" filmində onların xarakterini son dərəcə incəliklə açır. 

Amerikalı Kventin Tarantinonun "Azad olunmuş Canqo" filmi... 

Tarantino ilə bağlı belə bir zarafat var. Ondan "niyə siz "Kriminal qiraət"dən sonra yaxşı film çəkməmisiniz?" deyə soruşurlar. Cavab verir ki, məgər kimsə çəkib? Amma "Azad olunmuş Canqo" yaxşı filmdi, bizim ölkədə 20-40 yaşarası insanlar ona mütləq baxmalıdılar. 

MUSİQİLƏRİNİZ

Bethoven "5-ci simfoniya" 

Eleni Karaindrou - İstanbul konserti

Vaqif Mustafazadə və Hacıbaba Hüseynov "Bu qala bizim qala"

XƏBƏR365

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31