Şəki şəhərində Qazaxıstan mədəniyyət və incəsənət günləri keçiriləcək
12 Aprel 2017 11:26 Teatr və kino12-15 aprel tarixlərində Bakı və Şəki şəhərində qardaş Qazaxıstan və Azərbaycan ölkələri arasında diplomatik əlaqələrin yaranmasının 25 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "TÜRKSOY"- un dəstəyiylə Qazaxıstan Respublikası Kızılorda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcək.
Şəki Dövlət Dram Teatrının mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, mədəniyyət və incəsənət günlərinin keçirilməsində əsas məqsəd Böyük çöllər ölkəsinin mədəniyyət və incəsənətinin yaxından tanıdılması, Azərbaycan və Qazaxıstan respublikaları arasında uzunmüddətli dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin flarmoniya və teatrın yaradıcı kollektivləri arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsidir.
Mədəniyyət və incəsənət günlərinin proqramına Kızılorda vilayətinin flarmoniyasının konserti və N. Bekejanov adına Qazax Dram Teatrının quruluşunda M. F Axundzadənin " Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat" əsəri əsasında hazırlanmış "Getməyəcəksən! Vəssalam, getməyəcəksən" teatr tamaşası daxil edilmişdir.
Mədəniyyət və incəsənət günlərində Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulub.
Tədbirlər proqramı çərçivəsində Kızılorda vilayət flarmoniyasının konserti 12 aprel tarixində Bakı şəhəri, Azərbaycan Dövlət Musiqili teatrında, tamaşanın nümayişi isə S. Vurğun adına Rus Dram Teatrında baş tutacaq. Mədəniyyət və incəsənət günləri 13 və 14 aprel tarixlərində Şəki şəhərində, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında davam etdiriləcək.
Xatırladaq ki, nümayiş etdiriləcək tamaşanın məsləhətçisi Azərbaycan Respublikasının əməkdar xadimi, S. Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlidir.