Musiqili Teatr Dədə Qorqud festivalında
11 Aprel 2017 15:01 Teatr və kinoMusiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət alıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, söhbət Türkiyədə təşkil olunan 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalından gedir. Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türk kökənli dövlətlərin qatıldığı festival 2017-ci il 14-16 iyul tarixlərində Bayburt şəhərində baş tutacaq. Bu il 23-cü dəfə təşkil ediləcək Dədə Qorqud Beynəlxalq festivalında Azərbaycanı Musiqili Teatrın balet truppası ikinci dəfə iştirak təmsil edəcək.
"Buna qədər teatrımız 2008-ci ildə bu festivalda ölkəmizi uğurla təmsil edib. Yenidən balet truppamızın bu festivala dəvət olunması bizdə sevinc hissi doğurur. Dədə Qorqudun bütün dünyada daha böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan festival çox rəgarəng və zəngin proqrama malikdir. İnanıram ki, 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.