İnarə Babayeva "Riqoletto" operasında
4 Aprel 2017 20:18 Teatr və kinoAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Belorus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə uğurlu əməkdaşlıq əlaqələri davam etməkdədi. Teatrdan "Olaylar" - a bildirilib ki, bu əlaqələr çərçivəsində teatrın aparıcı solisti, Azərbaycan respublikasının Əməkdar artisti, Respublika Prezidenti mükafatçısı İnarə Babayeva aprelin 8-də Belarus Teatrının səhnəsində çıxış etmək üçün dəvət olunub.
İnarə Babayeva Minskdə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşasında əsas rollardan birini - Cilda partiyasını ifa edəcəkdir. Tamaşada onun tərəf müqabillərindən biri - Riqoletto rolunda adı Bakı tamaşaçılarına yaxşı tanış olan Vladimir Qromov çıxış edəcəkdir. Hersoq rolunu ifa etmək üçün Lvov Milli Operasının solisti Mixail Malafiy dəvət olunmuşdur. Tamaşanın dirijoru İtaliyalı maestro Canluka Marçianidir.
Qeyd edək ki, azərbaycanlı vokalçının iştirak edəcəyi bu tamaşa Belarusun görkəmli opera müğənnisi - Xalq artisti Yuri Bastrikovun xatirəsinə həsr olunmuşdur.