ƏSA Teatrında dəyişiklik
10 Mart 2017 15:27 Teatr və kino
ƏSA Teatrına yeni direktor təyin edildi və bədii rəhbərin öhdəliyində olan səlahiyyətlər dəyişdirildi. Teatrdan "Olaylar" - a bildirilib ki, ötən ilin sentyabr ayında əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv şəkildə müstəqil ƏSA Teatrı təsis edilib. Qısa müddət ərzində ictimaiyyətin böyük diqqət və rəğbətini qazanan teatr artıq bir neçə dəfə tamaşaçı qarşısına çıxaraq, incəsənətin əngəl tanımadığını sübut etdi.
Teatrın baş meneceri Nicat Qulam məlumat verir ki, ƏSA Teatrının aktyoru və direktoru Murad Məmmədov şəxsi işləri və fəaliyyətləri ilə əlaqədar olaraq direktor vəzifəsini qeyri-müəyyən zamana qədər şəxsi istəyi ilə tərk edib. Onun yerinə, əvəzləyici direktor olaraq, teatrın aktyoru və ədəbi hissə müdiri Orxan Adıgözəl teatrın direktor vəzifəsinə təyin edilib.
Bundan əlavə ƏSA Teatrının bədii rəhbər vəzifəsinin öhdəliyində olan bir neçə səlahiyyətlər teatrın truppa müdiri vəzifəsinin öhdəliyinə verilib. ƏSA Teatrının truppa müdiri vəzifəsinə isə Aydın Rəhimov təyin edilib. Nicat Qulam onu da bildirib ki, bu vəzifə dəyişiklikləri bütövlükdə ƏSA Teatrının daha sürətli və sağlam inkişaf etməsi üçündür.