Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüblər
28 Fevral 2017 07:05 Teatr və kinoNizami rayonunun 328 saylı tam orta məktəbində Akademik Milli Dram Teatrının aktyorları xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib. Teatrın mətbuat xidmətindən "Oaylar" - a verilən məlumata görə, görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq qonaqları salamlayıb.
Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub, onları alqışlayıb, uğurlar arzu ediblər. Məktəbin musiqili qonağı - 70 saylı məktəbin 7-ci sinif şagirdi Yeganə Eyvazlı "O sole mio" klassik mahnını ifa edib. Hər iki aktyor Yeganə Eyvazlıya gələcəkdə böyük səhnələri fəth etməyi arzulayıblar. Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub. Şagirdlər onları maraqlandıran suallarla qonaqlara müraciət edib.
Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib. 7-ci sinif şagirdi Səid Cümşüdov "Ölülər" əsərindən Kefli İsgəndərin monoloqunu göstərib.
Nurəddin Mehdixanlı və Anar Heybətov məktəblilərlə görüşdən məmnun qaldıqlarını bildiriblər.