“Xocalı. Matəm. Ekran”

Mədəniyyət və Turizm Nazirliyi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı. Matəm. Ekran" sənədli film günləri keçirir. Kinostudiyadan "Olaylar" - a bildirilir ki, film günləri çərçivəsində fevralın 24-də Nizami Kino Mərkəzində "Natiq Qasımov" və "Batalyon" sənədli filmləri nümayiş edilib. Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Filmlərin nümayişindən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə və xaricdə tədbirlər keçirilir. 

Azərbaycan xalqının qəhrəman oğlu Natiq Qasımovdan bəhs edən sənədli film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdu.

"Yaddaş" sənədli filmlər studiyasında lentə alınan "Batalyon" filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Ekran əsərinin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Qeyd edək ki, tədbir çərçivəsində Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş kitab və foto sərgiləri də təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31