Lütfü Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib
23 Fevral 2017 20:32 Teatr və kinoAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemət unudulmaz aktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışdı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Lütfi Məmmədbəyov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun insani keyfiyyətləri, sənətkar kimi quruluş verdiyi tamaşalar və televiziya filmləri barədə məlumat verdi.
Böyük və şərəfli aktyorluq məktəbi yolunu keçən sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır.
Unudulmaz sənətkar "O olmasın, bu olsun", "Bəxtiyar", "Qızmar günəş altında", "Göz həkimi", "Leyli və Məcnun", "Sehrli xalat" və başqa filmlərdə yaratdığı bir-birindən parlaq obrazlarla tamaşaçı qəlbində dərin iz buraxıb. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edib.
Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra mükafatlara və fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.
Daha sonra aktyorun sənət dostları - xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. L. Məmmədbəyovun tələbəsi, müğənni Samirə Allahverdi musiqi nömrəsi ilə çıxış edib.
Görkəmli sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.