“Axınla aşağı” filmi kinoteatrlarda

Bu gündən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində Asif Rüstəmovun "Axınla aşağı" bədii filminin kinoteatrlarda nümayişinə başlanılır. Kinostudiyadan "Olaylar" - a bildirilir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, "Park Cinema" və "CinemaPlus" kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və "Azərbaycanfilm" kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Qeyd edək ki, "Axınla aşağı" filmi 10-dan artıq ölkənin 15 beynəlxalq film festivallarında nümayiş etdirilib. Ekran əsərinin beynəlxalq premyerası Çexiyanın nüfuzlu "Karlovi Vari" Beynəlxalq Film Festivalında baş tutub. Film Çinin Xian İpək Yolu Beynəlxalq Film Festivalında "Tamaşaçı rəğbəti", ABŞ-ın Hyuston WorldFest Film Festivalında "Gümüş Remi", SEEFest Film Festivalında "Ən yaxşı debüt film" və Avstriyanın LET'S CEE Beynəlxalq Film Festivalında münsiflər heyətinin "Xüsusi vurğulama" beynəlxalq mükafatlarına layiq görülüb. "Axınla aşağı" filmi "Ən yaxşı debüt" nominasiyasında milli "Qızıl Pəri" mükafatı ilə təltif olunub. 

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31