Kukla Teatrında - YENİ TAMAŞA
22 Fevral 2017 17:06 Teatr və kinoAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir məşhur nağıl nümunəsi səhnə həyatını yaşayacaq. Teatrın mətbuat xidmətindən "Olaylar" -a bildirilib ki, sənət ocağında məşhur uşaq yazıçısı, dramaturq və tərcüməçisi Samuil Marşakın "Pişiyin evi" nağılı hazırlanır. Artıq klassikaya çevrilmiş bu ədəbi nümunə martın sonlarında kukla teatrı həvəskarlarının ixtiyarına veriləcək.
Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli uşaqlar üçün tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur. Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdu.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Qeyd edək ki, teatrın aparıcı aktyoru, Əməkdar Artist Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilən tamaşada əsas obrazı da məhz yubilyar oynayacaq. Digər rolları isə teatrın aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.