"İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması nəzərdə tutulur" - Müşfiq Hətəmov

Fevralın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ənənəvi "Bizim Kino Günləri" layihəsinin açılışına həsr olunan mətbuat konfransı keçirildi.

Mətbuat konfransında çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır. "Son illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 160-dan çox beynəlxalq film festivallarında iştirak edib. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun layihəsi lazımdır. Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Milli Məclisdə qanun layihəsi qəbul edildikdən sonra biz Prodüserlər Gildiyası ilə bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq. Bu işlərdən biri də Film Komissiyasının yaradılmasıdı.

Daha sonar konfransda Azərbaycan kinosunda təhsil, Mədəniyyət və Turizm nazirliyinin xətti ilə təhsil alan gənclər haqqında məlumat da mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı. Prodüserləri dəstəkləmək, gənclərə və yeni filmləri diqqət çəkən rejissorlara şərait və texniki xidmətlərin yerli şirkətlər tərəfindən həyata keçirilməsi mövzusunda fikirlərini bölüşən direktor texniki xidmət şirkətlərinin inkişafı və yaradıcı atmosferin gücləndirilməsi üçün birgə əməkdaşlığı əsas saydı. Vurğulandı ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması nəzərdə tutulur.

"Azərbaycanfilm" kinostudiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səmayə Əsgərova "Azərbaycan Film Komissiyası" layihəsi barədə ətraflı məlumatı diqqətə çatdırdı. Bildirildi ki, layihə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Prodüserlər Gildiyası tərəfindən hazırlanıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Hazırda layihə 12 fəsil 40 maddədən ibarət "Kinematoqrafiya haqqında yeni qanun"da öz əksini tapıb.

Komissiyanın qarşısında duran əsas vəzifələrindən biri AFCI (Film Komissiyaların Beynəlxaq Birliyi) nə üzv olmaqdı. Bu beynəlxalq birlik özündə rəsmi olaraq 300-dən artıq komissiyanı əhatə edir, və bu komissiyaların daxili təşkilati məsələlərinin, müxtəlif yerli dövlət orqanları ilə iş xüsusiyyətlərinin, fəaliyyətinin iqtisadi tərəflərinin tədrisini həyata keçirir. Azərbaycan ərazisində film komissiyalarının yaradılması və fəaliyyətə başlaması eyni zamanda bir neçə sahədə, xüsusən də mədəniyyət, turizm, iqtisadi inkişaf sahələrində inkişafa zəmin yaradacaq. Xüsusilə, ölkə ərazisinə xarici film çəkilişlərinin cəlb edilməsi ölkənin mənzərələrinin, mədəni irsinin, görməli yerlərinin və atributlarının bütün dünyada böyük ekranlarda nümayiş olunması, bir sözlə ölkənin təbliğidi".

Sonda M. Hətəmov əlavə etdi ki, "Bizim kino günləri 2017" tamaşaçıların görüşünə maraqlı filmlərlə gəlib. Layihə çərçivəsində "Yarımçıq xatirələr" (02-08 fevral), "Qatil" (09-15 fevral), "İçəri Şəhər" (16-22 fevral), "Axınla aşağı" (23 fevral-01 mart), "Xeyirlə Şərin rəqsi" (02-08 mart), "Dərs" (09-15mart), "Qırmızı bağ" (16-22 mart), "Yaddaş" ("Bakıfilm" studiyası, 23-29 mart) filmləri nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31