“Şahinlər” adlı sənədli film təqdim edildi
15 Yanvar 2017 10:26 Teatr və kinoÖtən gün 2016-cı ilin aprel döyüşlərində "Mi-24" helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirələrinə həsr olunmuş tədbir keçirildi. Tədbir R.Behbudov adına Dövlət Mahnı Teatrında Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Aprel xatirələri" adı ilə həyata keçirildi.
"Olaylar" bildirir ki, anım mərasimində şəhidlərin ailə üzvləri çıxış edərək keçən il aprelin 2-də Azərbaycan ordusunun apardığı döyüşlərdə qəhramancasına həlak olan üç şəhidin döyüş zamanı göstərdikləri şücaətdən, qəhramanlıqdan, ömür yolu ilə bağlı xatirələrini tədbirə toplaşanlarla bölüşüblər.
Tədbir zamanı Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin üzvləri şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Qeyd edək ki, sonda aprel döyüşləri qəhrəmanlarının xatirəsinə həsr olunmuş "Şahinlər" adlı sənədli film təqdim edildi.