Azərbaycanda ərzaq bahalaşır: Qazancın 55%-dən çoxu qidaya gedir – Səbəblər nədir?

Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Əhalinin gündəlik xərclərində mühüm yer tutan qida məhsullarının bahalaşması xüsusilə ailə büdcəsinə və istehlakçıların alıcılıq qabiliyyətinə təsiri baxımından diqqət çəkir. Çünki ərzaq məhsulları hər bir ailənin gündəlik tələbatının əsas hissəsini təşkil edir və bu sahədə baş verən qiymət dəyişiklikləri birbaşa insanların yaşayış xərclərində özünü göstərir. Ərzaq bazarında qiymətlərin yüksəlməsi isə təkcə ayrı-ayrı məhsulların deyil, bütövlükdə istehlak xərclərinin dinamikasını gündəmə gətirir. Dövlət Statistika Komitəsinin məlumatları da ərzaq bazarında bahalaşmanın davam etdiyini göstərir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Təkcə sentyabr ayında isə bu məhsullar üzrə qiymət artımı 1,4 faiz təşkil edib. Bu göstəricilər ilin ilk doqquz ayında ərzaq və əlaqəli məhsulların qiymətlərində yüksəlişin qeydə alındığını, aylıq müqayisədə də bahalaşmanın davam etdiyini ortaya qoyur. Məhsullar üzrə qiymət dəyişiklikləri isə eyni səviyyədə olmayıb. Sentyabr ayında ən çox bahalaşma tərəvəz məhsullarında qeydə alınıb. Bu kateqoriya üzrə qiymətlər bir ay ərzində 6,9 faiz yüksəlib. Yumurtanın qiymətində 5,4 faiz, ət məhsullarında 2 faiz, balıqda isə 1,9 faiz artım müşahidə olunub. Bununla yanaşı, bəzi meyvələrin və kərə yağının qiymətində nisbi azalma qeydə alınıb. Beləliklə, ərzaq bazarında ayrı-ayrı məhsullar üzrə fərqli qiymət dinamikası müşahidə edilsə də, ümumi göstəricilər bahalaşmanın istehlakçıların diqqətində qalmaqda davam etdiyini göstərir. Xüsusilə gündəlik istehlakda geniş yer tutan tərəvəz, yumurta və ət məhsullarının qiymətində artımın qeydə alınması bu məsələnin aktuallığını daha da artırır. Çünki bu məhsullar əksər ailələrin alış-veriş siyahısında mütəmadi olaraq yer alır. Onların qiymətindəki dəyişikliklər insanların gündəlik alış-veriş zamanı seçimlərinə, xərclərini planlaşdırmasına və ailə büdcəsini bölüşdürməsinə təsirsiz ötüşmür. Eyni zamanda, müxtəlif ərzaq məhsullarının qiymətində fərqli istiqamətlərdə dəyişikliklərin baş verməsi bazardakı vəziyyətin daha ətraflı təhlilini zəruri edir. 

Bəs bu bahalaşmanın əsas səbəbləri nələrdir və qiymət artımına daha çox hansı amillər təsir göstərir? İstehsal xərcləri, idxaldan asılılıq, mövsümi amillər və satış zəncirindəki qiymət fərqləri ərzaq bazarına necə təsir edir?

Mövzunu iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a şərh edib. İqtisadçı bildirib ki, ərzaq məhsulları əhalinin gündəlik xərclərində mühüm yer tutduğuna görə bu artımın təsiri xüsusilə aşağı və orta gəlirli ailələrdə daha çox hiss olunur. Bugün orta statistik azərbaycanlı qazancının 55 faizindən çoxunu sırf ərzaqa xərcləyir. Engel qanunu ilə qiymətləndirmə aparsaq çox böyük yükdür. Ərzaq qiymətlərinə təsir edən amillər müxtəlifdir. İlk növbədə, istehsal xərclərini qeyd etmək lazımdır. Yanacaq, elektrik enerjisi, gübrə, toxum, yem, suvarma, əməkhaqqı, qablaşdırma və daşınma xərclərinin artması son məhsulun qiymətində əks olunur. Kənd təsərrüfatı istehsalçısının xərcləri yüksəldikdə, məhsuldarlıq və təklif eyni səviyyədə qaldığı halda, bazarda qiymət artımı üçün əlavə zəmin yaranır. İkinci mühüm amil idxaldan asılılıqdır. Azərbaycanda bir sıra ərzaq məhsulları ilə yanaşı, onların istehsalında istifadə olunan xammal və resursların da müəyyən hissəsi xaricdən alınır. Beynəlxalq bazarlarda qiymətlərin dəyişməsi, tədarük ölkələrində inflyasiya, logistika xərcləri və valyuta məzənnələrindəki dəyişikliklər daxili bazara təsir göstərir. Bu asılılığın azaldılması üçün yerli istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və aqrar istehsalın müasir texnologiyalar əsasında qurulması vacibdir. Bununla yanaşı, ərzağın istehsalçıdan istehlakçıya çatdırıldığı zəncir də ciddi təhlil edilməlidir. Fermerin məhsulu hansı qiymətə satması ilə həmin məhsulun pərakəndə satış qiyməti arasında bəzən əhəmiyyətli fərq yaranır. Bu fərqin nə qədərinin daşınma, saxlama, çeşidləmə, itkilər, vergi və digər əsaslandırılmış xərclərdən, nə qədərinin isə vasitəçilərin yüksək ticarət əlavələrindən qaynaqlandığı araşdırılmalıdır. Xüsusilə tez xarab olan məhsulların saxlanması və daşınması infrastrukturunun zəifliyi əlavə itkilərə və qiymət artımına səbəb ola bilər. Mövsümi amillər də bazarda mühüm rol oynayır. Yerli məhsulun bazara bol daxil olduğu dövrdə qiymətlərin aşağı düşməsi, mövsüm başa çatdıqdan sonra isə yüksəlməsi təbii iqtisadi prosesdir. Lakin bu dəyişikliklərin miqyası istehsal, saxlama və satış infrastrukturunun imkanlarından asılıdır. Müasir soyuducu anbarların, çeşidləmə və qablaşdırma mərkəzlərinin, topdansatış bazarlarının inkişafı məhsul itkilərini azaltmaqla yanaşı, mövsümi qiymət dəyişkənliyini də yumşalda bilər.

Ekspertin sözlərinə görə, ərzaq inflyasiyasının qarşısının alınması üçün ilk növbədə problemin mənbəyi düzgün müəyyənləşdirilməlidir. Qiymət artımının bütün səbəblərini yalnız idxalla və ya satıcıların davranışı ilə əlaqələndirmək iqtisadi reallığın tam mənzərəsini əks etdirmir. Hər bir məhsul üzrə istehsal xərcləri, idxal qiymətləri, topdansatış və pərakəndə satış qiymətləri müqayisəli şəkildə təhlil olunmalıdır. Belə yanaşma dövlət siyasətinin daha dəqiq hədəflənməsinə imkan verər. Dövlət dəstəyinin nəticələri də yenidən qiymətləndirilməlidir. Kənd təsərrüfatına subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri tətbiq edilərkən əsas diqqət ayrılan vəsaitin həcminə deyil, onun istehsala, məhsuldarlığa və son istehlak qiymətinə təsirinə yönəldilməlidir. Subsidiyaların artması avtomatik olaraq ərzağın ucuzlaşmasına gətirib çıxarmır. İstehsal həcmi, maya dəyəri və bazara çıxış imkanları üzrə konkret nəticələr ölçülməlidir. Rəqabət mühitinin gücləndirilməsi də vacibdir. Topdansatış və pərakəndə satış bazarlarında qiymət formalaşması şəffaf olmalı, bazara girişə maneələr və rəqabəti məhdudlaşdıran davranışlar araşdırılmalıdır. Bununla yanaşı, inzibati qiymət məhdudiyyətləri tətbiq edilərkən ehtiyatlı davranmaq lazımdır. İqtisadi əsaslandırma olmadan müəyyən edilmiş qiymət hədləri təklifin azalmasına, keyfiyyətin aşağı düşməsinə və qeyri-rəsmi satışların yaranmasına səbəb ola bilər. Əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün sosial siyasət də ərzaq inflyasiyasının dinamikasına uyğunlaşdırılmalıdır. Aşağı gəlirli ailələrin ərzaq xərclərinin ümumi büdcədə payı daha yüksək olduğundan, qiymət artımının sosial təsiri bu qrup üçün daha ağır olur. Buna görə sosial yardım mexanizmlərinin hədəfliliyi, minimum gəlirlərin alıcılıq qabiliyyəti baxımından qiymətləndirilməsi və zəruri ərzaq məhsullarının əlçatanlığı diqqətdə saxlanılmalıdır. Hesab edirəm ki, ərzaq inflyasiyasına qarşı mübarizə ayrı-ayrı məhsulların qiymətinə müdaxilə ilə məhdudlaşmamalıdır. Bu, kənd təsərrüfatı istehsalından idxala, logistika və anbar təsərrüfatından topdansatış və pərakəndə satışa qədər bütün zənciri əhatə edən iqtisadi siyasət tələb edir. Hər bir tədbirin nəticəsi konkret göstəricilərlə ölçülməli, dövlət dəstəyinin istehsalçıya və istehlakçıya real təsiri qiymətləndirilməlidir. Əsas məqsəd yalnız inflyasiya göstəricisini aşağı salmaq deyil, əhalinin zəruri ərzaq məhsullarını sabit və münasib qiymətlərlə əldə etmək imkanını qorumaq olmalıdır. Bunun üçün yerli istehsalın səmərəliliyinin artırılması, idxaldan asılılığın mərhələli şəkildə azaldılması, rəqabətin gücləndirilməsi və bazarda qiymət formalaşmasının şəffaflaşdırılması paralel şəkildə həyata keçirilməlidir.

Səidə  Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31