Menyuda başqa, kassada başqa qiymət: Qanun nə deyir, müştəri nə etməlidir?
6 Noyabr 19:37 SosialBakıda restoranlardan birində əcnəbi turistlə hesablaşma zamanı yaşandığı bildirilən qiymət fərqi sosial müzakirələrə yol açıb. Turistin sözlərinə görə, sifariş verdiyi yeməklərin qiymətləri menyuda göstərilən məbləğlərə uyğun olsa da, ödəniş zamanı ona daha yüksək hesab təqdim edilib. İddialara əsasən, bəzi yeməklərin qiyməti menyuda qeyd olunan məbləğdən iki dəfə artıq hesablanıb. Turist hesabın menyudakı qiymətlərə uyğunlaşdırılması üçün dəfələrlə müraciət etsə də, problemin həllini tapmadığını bildirib. Hadisə ictimaiyyətdə restoran və digər iaşə obyektlərində qiymətlərin şəffaflığı, müştərilərə münasibət və istehlakçı hüquqlarının qorunması məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə menyuda göstərilən qiymətlə ödəniş zamanı tələb olunan məbləğ arasında fərqin yaranması xidmət sektorunda müştəri etimadı ilə bağlı narahatlıqları artırır. Belə halların baş verməsi yalnız istehlakçıların narazılığına deyil, eyni zamanda, ölkəyə gələn turistlərin xidmət sahəsi ilə bağlı təəssüratlarına da təsir göstərə bilər. Turizm ölkənin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynadığından, turistlərin qarşılaşdıqları xoşagəlməz hadisələr bu baxımdan da diqqət çəkir. Bəs restoranlarda menyuda göstərilən qiymətlə hesabda tələb olunan məbləğin fərqli olması hansı hüquqi nəticələrə səbəb ola bilər? Müştəridən əvvəlcədən təqdim edilən qiymətlərdən artıq ödəniş tələb olunması hansı hallarda qanun pozuntusu sayılır? Bu cür vəziyyətlərlə üzləşən istehlakçılar hüquqlarını qorumaq üçün hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı Olaylar.az-a danışıb. Hüquqşünas bildirib ki, bu cür hal müştərinin aldadılması hesab olunmalıdır. Çünki menyuda bir qiymətin göstərilməsi, daha sonra isə kassada başqa qiymətin tələb olunması, həqiqətən də, istehlakçının aldadılmasıdır. Müştəri hər hansı obyektə daxil olarkən menyuda qeyd olunan qiymətlər əsasında seçim edir və sifarişini də həmin qiymətlərə uyğun olaraq verir. Bu zaman müştərinin ödəyəcəyi məbləğlə bağlı ilkin təsəvvürü menyuda göstərilən qiymətlər əsasında formalaşır. Lakin ödəniş mərhələsində fərqli məbləğin tələb olunması istehlakçının gözləntiləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq yaradır. Bundan sonrakı hərəkətlər isə vəziyyətin xarakterindən asılı olaraq hüquqi məsuliyyət yarada bilər. Məbləğdən asılı olaraq, bu hal inzibati xəta hesab oluna və ya cinayət məsuliyyəti yarada bilər. Lakin burada söhbətin turistdən, yoxsa öz vətəndaşımızdan getməsinin fərqi yoxdur. Hər hansı şəxsə qarşı bu cür hərəkətlərin edilməsi, bir daha təkrar edirəm, istehlakçının aldadılmasıdır. Yəni istehlakçıya münasibətdə qiymət məsələsi hər kəs üçün eyni prinsiplər əsasında tənzimlənməlidir. Müştərinin hansı ölkədən gəlməsi, yerli sakin və ya əcnəbi olması ona göstərilən xidmətin şərtlərinə təsir etməməlidir. Əsas məsələ müştərinin düzgün məlumatlandırılması və ona təqdim olunan qiymətlə kassada tələb edilən məbləğin uyğunluğudur. Söhbət xırda məbləğdən getsə belə, məbləğdən və hadisənin hallarından asılı olaraq, bu əməldə cinayət tərkibinin əlamətləri də ola bilər. Buna görə də belə hallara yalnız tələb olunan məbləğin az və ya çox olması baxımından yanaşmaq düzgün olmazdı. Burada baş verən hadisənin mahiyyəti, şəraiti və hüquqi qiymətləndirilməsi də əhəmiyyət daşıyır. Bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etmək mümkündür. Belə hallarda, ilk növbədə, polisə, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilə bilər. Yəni bu məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət etmək mümkündür. Hesab edirəm ki, belə müraciətlər müsbət nəticə əldə olunmasına kömək edə bilər.
Hüquqşünas qeyd edib ki, istehlakçıların hüquqlarının qorunması baxımından bu cür məsələlərin diqqətdə saxlanılması vacibdir. Müştəri xidmət aldığı obyektə daxil olarkən qarşılaşacağı qiymətlər barədə aydın məlumata malik olmalıdır. Menyuda göstərilən qiymətlə ödəniş zamanı tələb olunan məbləğ arasında fərq yarandıqda isə bunun səbəbi aydın şəkildə izah edilməlidir. Əks halda, müştəridə aldadıldığı ilə bağlı əsaslı narazılıq yarana bilər. Belə vəziyyətlərdə yaranan narazılığın aradan qaldırılması və istehlakçının hüquqlarının müdafiəsi üçün müvafiq qurumlara müraciət edilməsi əhəmiyyət daşıyır. İstər turist, istərsə də başqa bir şəxs olsun, hər kəsə eyni münasibət göstərilməlidir. Turistlərə qarşı belə halların baş verməsi isə xüsusilə pisdir. Çünki turist Azərbaycana beş, on, yaxud iyirmi günlük gəlir və burada gördüyü mənfi halları da özü ilə aparır. Başqa ölkəyə səfər edən turist həmin ölkə haqqında müəyyən təəssürat formalaşdırır və yaşadığı hadisələr əsasında fikir bildirir. Bu baxımdan, turistlərin qarşılaşdıqları münasibət və xidmət zamanı üzləşdikləri vəziyyətlər onların ölkə haqqında formalaşdırdıqları ümumi təsəvvürə təsir göstərə bilər. Turistin hər hansı obyektə daxil olarkən qarşılaşdığı qiymət fərqi və ya digər xoşagəlməz hal onun səfərlə bağlı təəssüratına mənfi təsir edə bilər. Təəssüf ki, bəzi obyektlərdə turistlərə sırf əcnəbi olduqlarına görə fərqli münasibət göstərilir. Belə yanaşma yolverilməzdir. Bəzi şəxslər turistlərin qarşısında özlərini elə aparırlar ki, sanki dilənçi vəziyyətinə düşürlər. Halbuki belə davranış Azərbaycan haqqında yanlış təsəvvür yaradır. Bu cür hərəkətlərə yol verən şəxs öz marağından başqa, ölkəsinin nüfuzunu da düşünməlidir. Turistlərə münasibətdə nümayiş etdirilən davranış yalnız konkret obyektin fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda, həmin şəxslərin ölkə haqqında düşüncələrinə də təsir edə bilər. Buna görə də hər bir xidmət göstərən obyekt müştərilərlə münasibətdə məsuliyyətli davranmalı, qiymət məsələsində şəffaflığı və düzgün məlumatlandırmanı əsas götürməlidir. Ölkəsinin nüfuzunu düşünməyən, bu cür hallara yol verən şəxslərə qarşı qanun çərçivəsində sərt mövqe nümayiş etdirilməlidir ki, bu, digərləri üçün də dərs olsun. Belə hallara hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi gələcəkdə oxşar vəziyyətlərin qarşısının alınması baxımından əhəmiyyətlidir. Əsas məqsəd həm yerli vətəndaşların, həm də ölkəmizə gələn turistlərin hüquqlarının qorunması, onlara qarşı ədalətli münasibətin təmin olunması və bu cür hallara yol verən şəxslərin məsuliyyət məsələsinin qanun çərçivəsində həll edilməsidir.
Səidə Ramazanova