Sosial şəbəkələrdə yayılan “müalicə” videoları nə dərəcədə təhlükəlidir?
6 Noyabr 19:29 SosialSosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi məlumat əldə etmək imkanlarını genişləndirməklə yanaşı, insanların sağlamlıqla bağlı qərarlarına da ciddi təsir göstərir. Əvvəllər hər hansı narahatlıqla qarşılaşan insan daha çox həkimə müraciət edir, ətrafındakıların məsləhətini alır və ya tibbi ədəbiyyata üz tuturdusa, indi bir çoxları ilk növbədə internetdə axtarış aparmağa üstünlük verir. Xüsusilə TikTok, Instagram və YouTube kimi platformalarda sağlamlıq, xəstəliklər və müalicə üsulları ilə bağlı paylaşılan qısa videolar geniş auditoriyanın diqqətini cəlb edir. Lakin bu məlumatların əlçatan olması onların hər zaman düzgün, etibarlı və təhlükəsiz olduğu anlamına gəlmir.
Son dövrlərdə sosial şəbəkələrdə boyun, baş, bel və qol nahiyəsinə müxtəlif əl üsulları ilə müdaxilə edilən videoların yayılması diqqət çəkir. Həmin görüntülərdə qəfil hərəkətlər, oynaqların çevrilməsi, əzələlərə təzyiq göstərilməsi və digər manipulyasiyalar vasitəsilə ağrıların aradan qaldırıldığı iddia olunur. Bəzi videolarda bu müdaxilələr insanın sağlamlığını yaxşılaşdıran, hərəkət məhdudiyyətini aradan qaldıran və hətta uzun müddətdir davam edən problemləri həll edən üsullar kimi təqdim edilir. Nəticənin dərhal əldə olunduğu təəssüratının yaradılması isə izləyicilərin diqqətini daha da artırır. Əslində, belə videoların yaratdığı əsas problem insanların tibbi müdaxilələri qısa görüntülər əsasında qiymətləndirməyə başlamasıdır. Çünki ekranda nümayiş etdirilən hərəkətin hansı məqsədlə edildiyini, hansı hallarda tətbiq oluna biləcəyini və mümkün risklərini videodan anlamaq çox vaxt mümkün deyil. Üstəlik, izləyiciyə göstərilən nəticə problemin tam aradan qalxdığını deyil, yalnız həmin anda müəyyən rahatlama yarandığını ifadə edə bilər. Ağrının azalması ilə onun əsas səbəbinin aradan qaldırılması isə eyni anlayışlar deyil.
Düşünürəm ki, insanların bu cür üsullara maraq göstərməsinin müxtəlif səbəbləri var. İlk növbədə, ağrı və fiziki narahatlıq yaşayan şəxslər problemdən mümkün qədər tez qurtulmağa çalışırlar. Həkim qəbuluna yazılmaq, müayinədən keçmək və müalicə prosesinə vaxt ayırmaq əvəzinə, sosial şəbəkədə gördükləri üsulu sınamaq onlara daha asan görünə bilər. Bəzi hallarda maddi imkanlar, vaxt çatışmazlığı və tibbi xidmətlərə əlçatanlıqla bağlı çətinliklər də insanları alternativ yollar axtarmağa sövq edir. Videolarda müdaxilənin sadə və nəticəyönümlü göstərilməsi bu meyli daha da gücləndirir.
Digər tərəfdən, sosial şəbəkələrin təqdimat xüsusiyyətləri də məsələyə təsirsiz ötüşmür. Qısa, dinamik və diqqətçəkən görüntülər mürəkkəb tibbi mövzuları sadələşdirərək təqdim edir. İzləyici müdaxilədən əvvəlki və sonrakı vəziyyəti gördükdə onun həqiqətən təsirli olduğuna inana bilər. Halbuki videoda şəxsin tibbi tarixçəsi, problemin yaranma səbəbi, aparılmış müayinələr və sonrakı vəziyyəti barədə məlumat verilməyə bilər. Beləliklə, ayrı-ayrı şəxslərin təcrübəsi ümumi müalicə qaydası kimi təqdim olunur və bu da yanlış nəticələrə gətirib çıxara bilər.
Xüsusilə boyun və baş nahiyəsinə müdaxilələr zamanı ehtiyatlı olmaq vacibdir. Bu nahiyələrdə damarlar, sinirlər və digər mühüm anatomik strukturlar yerləşir. Kəskin çevirmələr, güclü təzyiq və nəzarətsiz hərəkətlər bəzi hallarda zədələnmə və digər ciddi fəsadlarla nəticələnə bilər.
Eyni zamanda, qol, bel və digər nahiyələrdə hiss olunan ağrıları da yalnız əzələ gərginliyi ilə əlaqələndirmək düzgün deyil. Ağrı müxtəlif səbəblərdən, o cümlədən sinir sıxılması, oynaq problemləri, travmalar və başqa sağlamlıq pozuntuları nəticəsində yarana bilər. Problemin səbəbi müəyyənləşdirilmədən edilən müdaxilə simptomları ağırlaşdıra və düzgün diaqnozun qoyulmasını gecikdirə bilər.
Mövzunun başqa bir tərəfi isə həmin videoları hazırlayan şəxslərin məsuliyyəti ilə bağlıdır. Sosial şəbəkədə sağlamlıq mövzusunda paylaşım edən hər kəsin tibbi təhsili və müvafiq peşə hazırlığı olmaya bilər. Bəzən şəxsi təcrübə və ya kommersiya maraqları əsasında təqdim edilən üsullar izləyicilərə universal həll yolu kimi göstərilir. Halbuki tibbi məsləhətin əsasını fərdi vəziyyətin qiymətləndirilməsi, elmi sübutlar və mümkün risklərin nəzərə alınması təşkil edir. İzləyicilərin sayı, videonun populyarlığı və şərhlərdə yazılan müsbət rəylər isə metodun tibbi cəhətdən effektivliyini təsdiqləmir.
Bununla belə, sosial şəbəkələri sağlamlıqla bağlı məlumatların yayılması baxımından yalnız mənfi qiymətləndirmək də doğru olmazdı. Etibarlı tibbi mənbələr və ixtisaslı mütəxəssislər vasitəsilə yayılan maarifləndirici materiallar insanların düzgün məlumat əldə etməsinə, xəstəliklərin əlamətlərini tanımasına və vaxtında həkimə müraciət etməsinə kömək edə bilər. Burada əsas məsələ məlumatın mənbəyini yoxlamaq, sensasiyalı iddialara ehtiyatla yanaşmaq və internetdə görülən hər bir üsulu öz üzərində sınaqdan keçirməməkdir.
Beləliklə, sosial şəbəkələrdə yayılan "müalicə" videoları müasir dövrdə rəqəmsal məlumat istehlakı ilə ictimai sağlamlığın kəsişdiyi aktual məsələlərdən biridir. İnsanların bu cür görüntülərə nə dərəcədə inanması, hansı hallarda onları təkrarlamağa çalışması və mümkün fəsadlardan nə qədər xəbərdar olması diqqət tələb edir. Bəs sosial şəbəkələrdə nümayiş etdirilən əl üsulları hansı hallarda tibbi baxımdan əsaslandırıla bilər? Bu müdaxilələrin təhlükəli ola biləcəyini göstərən əlamətlər hansılardır və insanlar özlərini mümkün risklərdən necə qoruya bilərlər?
Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev Olaylar az-a açıqlama verib:
" Çox təəssüf ki, bu gün camaatımız TikTok, YouTube, Instagram və müxtəlif reklamlar vasitəsilə dərmanlar, müalicə üsulları və sair haqqında məlumatlar əldə edir. Bəli, həmin platformalarda müəyyən hərəkətlərə, idman və fiziki hərəkətlərə baxmaq olar. Amma müalicə məqsədilə bu üsullardan istifadənin tam əleyhinəyəm.
Çünki müalicəni həkim diaqnoz əsasında əsaslandırır. Xəstə isə oxuyur, baxır, reklamı görür və deyir ki, mən bundan istifadə edim. Axı sən həkim deyilsən, xəstəliyinin səbəbini haradan bilirsən? Şikayətin sinə nahiyəsində olsa da, problemin səbəbi bəlkə də sinədə deyil, qaraciyərdədir. Sən bunları haradan bilə bilərsən? Ona görə də belə şeylərdən uzaq durmaq, yalnız həkimə müraciət etmək lazımdır.
Digər məsələ isə düzgün həyat tərzi sürmək, fəsillərə uyğun yaşamaq, hərəkət etmək, fiziki aktiv olmaq və düzgün qidalanmaqdır. Düzgün qidalanmaq nədir? Yəni təbii qidalardan istifadə etmək, tərəvəz və göyərti yemək, ət yeməklərini ölçülü şəkildə qəbul etmək və qidanı yaxşı çeynəmək, düzgün miqdarda su içmək, yuxu rejiminə riayət etmək və təmkinli həyat sürmək. İnsan bu qaydalara əməl etdikdə sağlam olur, immun sistemi güclənir, orqanizm müxtəlif xəstəliklərə və xəstəlik törədicilərinə qarşı daha dözümlü olur. Yəni reklamlar vasitəsilə müalicə məsələsinə gəlincə, reklamlar paltar seçmək üçün yararlı ola bilər. Paltarı reklam əsasında seçmək olar. Amma insan sağlamlığı və müalicəsi məsələsində mən bu cür yanaşmanı qəbul etmirəm. Düşünmürəm ki, belə şeylər düzgün yanaşmadır. Axı belə olmaz! Əgər belədirsə, onda səhiyyəyə nə ehtiyac var? Hər kəs evində otursun, internetdə hansısa məlumatı oxusun və ona uyğun hərəkət etsin. Bu fikirlər elmi deyil və mən onları düzgün hesab etmirəm.
İnsan öz həyatını bəxtə-bəxt, lotereya prinsipi ilə riskə atmamalıdır ki, görək, nəticəsi yaxşı olacaq, yoxsa yox".
Zeynəb Mustafazadə