WhatsApp dələduzluğu: tanış adından gələn təhlükə- ÖZƏL

WhatsApp hesablarının ələ keçirilməsi və istifadəçilərin adından yaxınlarına mesaj yazılaraq pul istənilməsi son dövrlər rəqəmsal mühitdə diqqət çəkən kiberdələduzluq üsullarından birinə çevrilib. Gündəlik ünsiyyətimizin ayrılmaz hissəsi olan mesajlaşma tətbiqləri insanlar arasında əlaqə saxlamağı asanlaşdırsa da, bu platformalardan sui-istifadə halları şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Xüsusilə WhatsApp vasitəsilə ailə üzvləri, dostlar, iş yoldaşları və digər tanışlarla ünsiyyət qurulması dələduzların insanların bir-birinə olan etibarından istifadə etməsinə şərait yaradır. Belə hallarda zərərçəkən yalnız hesabını itirməklə kifayətlənmir, onun adından göndərilən mesajlar nəticəsində yaxınları da maddi ziyana uğraya bilirlər.
Düşünürəm ki, dələduzluğun bu formasını təhlükəli edən əsas məqamlardan biri müraciətlərin çox vaxt tanış və etibarlı şəxsin adından edilməsi, mesajların isə inandırıcı şəkildə hazırlanmasıdır. Məsələn, hesabı ələ keçirilmiş şəxsin adından onun yaxınlarına təcili pula ehtiyac olduğu bildirilə, müəyyən məbləğin başqa hesaba köçürülməsi xahiş edilə bilər. Mesajı alan şəxs müraciətin həqiqətən tanıdığı insandan gəldiyini düşündüyü üçün əlavə araşdırma aparmadan pul göndərməyə razılaşa bilər. Bəzi hallarda isə dələduzlar hesab sahibinin yazışmalarından və şəxsi məlumatlarından istifadə edərək daha inandırıcı müraciətlər hazırlamağa çalışırlar.

Digər tərəfdən, bu cür halların qarşısını almaq üçün yalnız texniki təhlükəsizlik tədbirlərinə güvənmək kifayət etmir. İstifadəçilərin rəqəmsal savadlılığı, şübhəli mesajlara münasibəti və şəxsi məlumatlarını qorumaq vərdişləri də mühüm əhəmiyyət daşıyır. Xüsusilə naməlum keçidlərə daxil olmaq, təsdiqləmə kodlarını başqalarına göndərmək, tanımadığımız şəxslərin tələbi ilə şəxsi məlumatları paylaşmaq hesabların təhlükəsizliyini risk altına sala bilər. Hətta yaxın bir insanın adından gələn mesaj belə, pul və ya məxfi məlumat tələb edildikdə, diqqətlə yoxlanılmalıdır. Məsələnin digər tərəfi isə belə hadisələrin təkcə fərdi istifadəçilərə deyil, bütövlükdə cəmiyyətdə rəqəmsal ünsiyyətə olan etimada təsir göstərməsidir. İnsanlar yaxınlarından gələn hər mesaja şübhə ilə yanaşmağa başladıqda, gündəlik ünsiyyətdə də müəyyən narahatlıq yaranır. Buna görə də WhatsApp hesablarının qorunması, dələduzluq üsullarının tanıdılması və belə vəziyyətlərdə düzgün davranış qaydalarının izah edilməsi aktual məsələlərdəndir.
Bəs WhatsApp hesabları hansı üsullarla ələ keçirilir? Dələduzlar istifadəçilərin etibarından və diqqətsizliyindən necə yararlanırlar? Vətəndaşlar WhatsApp hesablarının ələ keçirilməsindən özlərini necə qorumalıdır?
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Olaylar.az-a açıqlama verib: 
 
 " Son günlər müşahidə edilə bilər ki, bəzi istifadəçilər öz WhatsApp hesablarınını itirirlər. Bəzi hallarda geri qaytarma 24 saat vəya daha çox vaxy hesabına başa gəlir. Kiberdələduzlar müxtəlif bəhanələrlə istifadəçilərin etibarını qazanaraq onların hesablarına giriş əldə etməyə çalışırlar.
Ən geniş yayılmış üsullardan biri istifadəçiyə göndərilən altırəqəmli təsdiqləmə kodunun ələ keçirilməsidir. Dələduzlar özlərini WhatsApp əməkdaşı, mobil operator nümayəndəsi və ya tanış şəxs kimi təqdim edərək həmin kodu istəyirlər. Digər üsul isə saxta keçidlər və QR kodlar vasitəsilə istifadəçilərin aldadılmasıdır. Məsələn, "Bu şəkildə sənsən?", "Bu videoya bax" kimi mesajlarla istifadəçilər saxta səhifələrə yönləndirilir.
WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" funksiyasından sui-istifadə halları ola bilər. Bu zaman istifadəçi aldadılaraq dələduzun cihazını öz hesabına qoşur. Nəticədə WhatsApp istifadəçinin telefonunda işləməyə davam etsə də, üçüncü şəxs onun hesabına əlavə cihazdan giriş əldə edə bilir.
İkiaddımlı doğrulama aktiv olduqda belə hesabın ələ keçirilməsi mümkündür. Çünki bu funksiya əlavə təhlükəsizlik səviyyəsi yaratsa da, bütün hücum növlərindən qorumur. Xüsusilə istifadəçi özü aldadılaraq başqa cihazın əlaqələndirilməsini təsdiqləyərsə, ikiaddımlı doğrulama kifayət etməyə bilər. Buna görə yalnız bu funksiyaya güvənmək düzgün deyil.
Vətəndaşlar hesablarını qorumaq üçün ilk növbədə ikiaddımlı doğrulamanı aktivləşdirməli, SMS vasitəsilə gələn təsdiqləmə kodlarını heç kimlə paylaşmamalı, şübhəli keçidlərə daxil olmamalı və naməlum QR kodları skan etməməlidirlər. Eyni zamanda, WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" bölməsi mütəmadi yoxlanılmalı, tanınmayan cihazlar dərhal siyahıdan çıxarılmalıdır. Hesabın bərpası üçün istifadə edilən elektron poçtun təhlükəsizliyi də təmin olunmalıdır.
Hesab ələ keçirildikdə isə dərhal tədbir görülməlidir. WhatsApp hələ aktivdirsə, tanınmayan əlaqələndirilmiş cihazların çıxışı dayandırılmalıdır. Hesaba giriş itirilibsə, istifadəçi öz nömrəsi ilə yenidən qeydiyyatdan keçərək hesabına nəzarəti bərpa etməyə çalışmalıdır. Əlavə PIN tələb olunduqda bərpa prosesi müəyyən müddət çəkə bilər.
Bununla yanaşı, yaxın şəxslər dərhal məlumatlandırılmalıdır ki, ələ keçirilmiş hesabdan göndərilən pul istəklərinə və şübhəli mesajlara inanmasınlar. Maddi zərər və ya dələduzluq faktı olduqda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
Kiberdələduzlar əksər hallarda texniki boşluqlardan deyil, insanların diqqətsizliyindən və etibarından istifadə edirlər. Buna görə də rəqəmsal savadlılığın artırılması, şübhəli müraciətlərə ehtiyatla yanaşılması və təhlükəsizlik qaydalarına əməl olunması WhatsApp hesablarının qorunmasında əsas amillərdəndir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31