Məktəblərdə xoşagəlməz halların kökündə nə durur?-Özəl

"Getdikcə məktəblərdə xoşagəlməz hadisələrin sayı artır. Əvvəlki çıxış və müsahibələrimdə bu barədə dəfələrlə narahatlığımı bölüşmüşdüm. Daha öncədə demişdim ki, getdikcə belə hadisələrin sayı daha da artacaq. Növbəti günlərdə bu cür hadisələrlə daha tez-tez rastlaşacağıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin depuatı Ceyhun Məmmədov deyib: "Bəs problemin kökündə nə durur. Məsələnin mahiyyəti ondadır ki, həm ailələrimizdə həm də məktəblərimizdə tərbiyə prosesi ciddi pozulub və biz hansısa problem baş verəndə vaxtımızın çoxunu günahkar axtarmağa sərf edirik. Bir tərəf digəri, digər  tərəf də o biri tərəfi günahlandırır. Nə qədər belə davam edəcəyik nəticə olmayacaq.

Bəs problemlər nə zaman yaranmağa başladı? Ailələrimiz və məktəblərimiz uşaqlara yalnız oxu deməyə başladığı, tərbiyə işi arxa plana keçdiyi gündən. Yeri gəlmişkən burada bir sual yaranır: Təhsilin əsas məqsədi nədir? Prosesi diqqətlə təhlil edəndə görürük ki, bu gün ailənin də məktəbin də əsas məqsədi yalnız bilikli insan yetişdirməkdir.  Bu gün biz övlad və şagirdlərimizə savadlı ol deyirik, yoxsa insan ol? Hesab edirəm məsələnin məğzi də bundadır. Nə qədər ki, övlad və şagirdlərimizə daha çox "oxu!" deyirik belə də olacaq. 

Əvvəllər özümə tez-tez sual verirdim: Əsas bilikli olmaqdır, yoxsa insan? Cavab bilikli olmaq idi. İndi isə əksinə düşünürəm. Təhsilin əsas məqsədi həm də tərbiyəli insan yetişdirməkdir. Nə qədər ki, tərbiyə işi arxadadır problemlər daha da artacaq. 

Bəs yaranan vəziyyətə görə məsuliyyəti kim daşıyır? Hesab edirəm həm ailələrimiz həm də məktəblərimiz. Ancaq məktəbin məsuliyyəti indİ daha böyükdür . İndi təəssüf ki, getdikcə övladlarına normal tərbiyə verməyən valideynlərin sayı artır və gələcəkdə daha da artacaq. Valideynlərin bir qisminin özünün tərbiyəsinin, bir qisminin vaxtının olmadığına, digər qiminin isə vaxtını başqa işlərə sərf etdiyinə görə artıq ailələrimiz tərbiyəli gənclik yetişdirə bilmir. Əlbəttə bu hamıya aid deyil. Eyni zamanda təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, heç də məktəblərimizin də hamısı tərbiyə işinə önəm vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31