Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına süni intellektdən istifadə və şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı əlavələr edilib.

Bu barədə Azərbaycan Mətbuat Şurasının jurnalistlərin IX qurultayında qəbul edilmiş dəyişikliklərlə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, oktyabrın 16-da keçirilən qurultayda qəbul edilən əlavələr müasir dövrün tələblərindən irəli gəlir və media fəaliyyətində süni intellektdən etik istifadənin, eləcə də şəxsi həyatın toxunulmazlığının təmin olunmasını hədəfləyir.

Qaydalara "Süni intellektdən etik istifadə" adlı yeni prinsip əlavə edilib. Bu çərçivədə media subyektlərinə süni intellektdən istifadənin məqsədlərini, sərhədlərini, yoxlama prosedurlarını və redaksiya məsuliyyətini müəyyənləşdirən daxili sənədlər qəbul etmək, həmçinin əməkdaşların bu sahədə bacarıqlarını artırmaq tövsiyə olunur.

Şərhdə vurğulanıb ki, süni intellekt sistemləri jurnalistin peşəkar mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyi ilə hazırlanan materiallar yayımlanmamışdan əvvəl məzmun, faktların dəqiqliyi və mənbələr baxımından yoxlanılmalıdır. Belə materiallara görə məsuliyyət jurnalistin və ya onun çalışdığı media subyektinin üzərinə düşür.

Bundan əlavə, süni intellektdən istifadə zamanı müəlliflik hüquqlarının, şəxsi məlumatların və mənbələrin məxfiliyinin qorunması, insan ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi tələbləri müəyyənləşdirilib. Süni intellekt məhsulundan istifadə edildikdə auditoriyanın bu barədə məlumatlandırılmasının şəffaflıq və ictimai etimad baxımından vacibliyi qeyd olunub.

Qaydalara şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı da yeni müddəalar daxil edilib. Əlavələrə əsasən, jurnalistlər qanunla nəzərdə tutulan hallar istisna olmaqla, informasiya texnologiyalarından üçüncü şəxslərin şəxsi həyatına, o cümlədən onların əqidəsi, dini və etnik mənsubiyyəti barədə məlumatların açıqlanması üçün istifadə etməməlidirlər. Fərdi məlumatların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi qanunla müəyyən edilmiş şərtlərə uyğun həyata keçirilməlidir.

Şərhdə bildirilib ki, ictimai əhəmiyyət daşımayan şəxslər barədə məlumatların doğru olması həmin məlumatların onların razılığı olmadan yayılmasına avtomatik əsas vermir. Belə şəxslərin özəl məlumatlarının və ailə həyatına dair bilgilərinin razılıq olmadan toplanması, saxlanılması və yayılması yolverilməz hesab edilir.

Eyni zamanda, şəxslərin sosial şəbəkələrdə hamı üçün açıq paylaşdıqları məlumatlar jurnalistlər tərəfindən xəbər materialına çevrilərkən məsxərə və alçaldıcı ifadələrdən istifadə edilməməlidir. Jurnalistlər konkret məlumatın ictimai maraq daşıyıb-daşımadığını müəyyənləşdirməli, şəxsi məlumatların yayılmasına həssas yanaşmalıdırlar.

Publik şəxslərlə bağlı məlumatların işıqlandırılmasında da müəyyən çərçivələrə diqqət çəkilib. Onların fəaliyyətinin ictimai nəzarətə açıq olması jurnalistlərə həmin şəxslərin fəaliyyət sahəsinə aidiyyəti olmayan məqamları qabartmaq imkanı vermir. Media nümayəndələri ictimai marağı və şəxslərin qanuni mənafelərini nəzərə almalıdırlar.

Mətbuat Şurasının şərhində vurğulanıb ki, etik qaydalara edilən əlavələr jurnalistlərin müasir texnologiyalardan məsuliyyətlə istifadə etməsinə, şəxsiyyət hüquqlarına daha həssas yanaşmasına və medianın cəmiyyət qarşısında informasiya məsuliyyətini daha səmərəli yerinə yetirməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31