Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək
14:52 SosialArif Mərdanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Su Təchizatı Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru təyin edilib.
İri Şəhərlərin Su Təchizatı QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Müşahidə Şurasının ilk iclasında qərar qəbul olunub.
İri Şəhərlərin Su Təchizatının publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi prosesinin müvafiq qaydalara uyğun həyata keçirilməsi, eləcə də bu dəyişikliyin idarəetmənin təkmilləşdirilməsinə və fəaliyyətin daha səmərəli təşkilinə təsiri müzakirə olunub.
Müşahidə Şurasının qərarına əsasən, Arif Fərman oğlu Mərdanov ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Su Təchizatı QSC-nin icraçı direktoru təyin edilib.
Mərdanov Arif Fərman oğlu 24.04.1970-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Azərsu ASC"-də rəhbər vəzifədə çalışıb, "Su təchizatı və tullantı suları haqqında" qanunun hazırlanmasında ekspert qurupunun üzvü olub. "SOCAR"-da idarə rəisi vəzifəsində çalışıb. Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, İri Şəhərlərin Su Təchizatı QSC Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərində içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirir.