UNUDULAN SƏNƏTİ YAŞATMAQ: FƏRDİ TƏŞƏBBÜSDƏN BEYNƏLXALQ MƏDƏNİ DİPLOMATİYAYA

Azərbaycan sandıq və mücrü sənətinin qorunmasında QHT fəaliyyətinin imkanları

İsgəndər Sərdarlı
Araşdırmaçı, tətbiqi sənət ustası

VAŞİNQTON TƏCRÜBƏSİ: SƏNƏTDƏN DAHA GENİŞ MƏNA

2026-cı ilin oktyabrında Vaşinqtonda həyata keçirilən "Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində" layihəsi ailəmizin uzun illər ərzində formalaşmış yaradıcılıq təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək baxımından yeni mərhələ oldu. Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində sənət nümunələrimiz nümayiş etdirildi, ailəvi art-terapiya təcrübəmiz barədə məlumat verildi.

Oktyabrın 15-də Amerika Dövlətləri Təşkilatının mənzil-qərargahında keçirilən proqramda, oktyabrın 16-da isə ABŞ-Azərbaycan Ticarət Palatasının iştirakı ilə təşkil olunan Azərbaycan Mədəniyyəti Günündə kolleksiyalarımız təqdim edildi. Oktyabrın 18-də Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalı da Azərbaycan sənətinin tanıdılması üçün əlavə imkan yaratdı.

Vaşinqton səfəri zamanı "Urud Abidələri" kolleksiyasına daxil olan "Urudun ailə şəfəqi" adlı mücrünün Corc Vaşinqton Universitetinin Muzeyi və Toxuculuq Muzeyinə (The George Washington University Museum and The Textile Museum) hədiyyə edilməsi də mühüm hadisə oldu. Mücrünü muzeyin direktorunun xüsusi köməkçisi Ana Kiss qəbul etdi.

Səfər çərçivəsində Smithsonian Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Pol Maykl Teylor ailəmizin təcrübəsinə maraq göstərdi. Beynəlxalq səviyyədə tanınan meksikalı heykəltəraş Enrike Kabrera da Real TV-yə müsahibəsində yaratdıqlarımıza heyranlığını ifadə edərək Toğrul Sərdarlı ilə gələcəkdə birgə sənət nümunələri yaratmağı təklif etdi. Kabreranın "The Big Apple" ("Böyük alma") heykəltəraşlıq kompozisiyasının həm Nyu-Yorkda, həm də Bakı Ağ Şəhərdə nümayiş etdirilməsi onun yaradıcılığının beynəlxalq miqyasını göstərir. O, ailəmizin sənət nümunələrini öz Instagram səhifəsində də izləyiciləri ilə bölüşüb. Bu maraq və təkliflər gələcək peşəkar əlaqələr üçün yeni imkanlar yaradır.

Beləliklə, Vaşinqtonda yalnız sənət nümunələrimizi nümayiş etdirmədik, həm də şəxsi həyat təcrübəmizdən doğan art-terapiya yanaşmasını mədəni irs və art-terapiya sahələrində çalışan mütəxəssislərə təqdim etdik. Bu istiqamətdə araşdırma və mümkün əməkdaşlıq əlaqələrinin inkişafı növbəti mərhələlərdə davam edəcək.

ART-TERAPİYADAN AİLƏVİ YARADICILIĞA

Ailəmizin tətbiqi sənətə gəlişi sadəcə yeni bir sənət sahəsinə maraq göstərməyin nəticəsi olmayıb. Bu yolun başlanğıcında şəxsi art-terapiya təcrübəsi dayanır. Mənim də sənətə gəlişim həmin təcrübə ilə bağlı olub. Sonradan bu fəaliyyət ailəvi yaradıcılığa çevrilib, sənət nümunələrinin hazırlanması ilə yanaşı, onların tarixi-mədəni məzmununun araşdırılmasını da əhatə edib.

Pandemiya dövründə ailəmiz şəhərdəki evini sataraq Novxanıdakı bağ evinə köçdü. Dünyanın böyük psixoloji gərginlik yaşadığı bir vaxtda art-terapiyaya və birgə yaradıcılığa söykənən fəaliyyətimiz həyatımızın ən məhsuldar mərhələlərindən birinə çevrildi. Ortaq məqsəd ətrafında birləşərək sənət nümunələri yaratdıq, mədəni irsimizi araşdırdıq və ailəvi fəaliyyətimizi yeni məzmunla zənginləşdirdik.

Beləliklə, bu il beş yaşı tamam olan "Sərdar Sandıq Mücrü Ocağı" yarandı. Ocağın yaranma tarixini 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edərək elan etmişdik. Bu məkan yalnız sənət nümunələrinin hazırlandığı və saxlandığı yer deyil; burada sandıq və mücrü sənəti araşdırılır, nümunələr qorunur, onların daşıdığı ailə yaddaşı və mədəni dəyərlər yaşadılır.

Bizim təcrübəmiz göstərir ki, art-terapiyanın nəticəsi təkcə fərdi yaradıcılıq məhsulu ilə məhdudlaşmaya bilər. O, ailə daxilində əməkdaşlığa, birgə fəaliyyətə və zamanla daha geniş mədəni təşəbbüsə çevrilə bilər. Vaşinqtonda təqdim etdiyimiz təcrübənin əsasını da məhz bu həyat yolu təşkil edirdi. Biz onu hazır elmi metod kimi deyil, öz həyatımızda formalaşmış və mütəxəssislərin öyrənməsinə təqdim etdiyimiz təcrübə kimi bölüşdük.

FƏRDİ SƏNƏTKARLIQDAN İCTİMAİ FAYDAYA

Fərdi sənətkar ailəsi öz nümunələrini yarada, qoruya və təqdim edə bilər. Lakin bu fəaliyyət QHT çərçivəsində təşkil olunduqda onun imkanları genişlənir: araşdırmalar sistemli xarakter alır, layihələr hazırlanır, tərəfdaşlarla əlaqələr qurulur, sənət nümunələri yeni auditoriyalara çatdırılır və beynəlxalq təqdimatlar üçün şərait yaranır.

"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin fəaliyyəti məhz bu imkanları genişləndirməyə yönəlib. Məqsəd sandıq və mücrünü yalnız keçmişdən qalmış sənət nümunələri kimi göstərmək deyil, onların tarixi yaddaşını, ailə mədəniyyətindəki yerini və müasir dövrdə yaşadılması imkanlarını araşdırmaqdır.

Bu baxımdan, "Sərdar Sandıq Mücrü Ocağı" ilə QHT fəaliyyəti bir-birini tamamlayır. Ocaq ailəvi təcrübənin yarandığı və inkişaf etdiyi məkandırsa, ictimai birlik həmin təcrübənin ictimaiyyətə çatdırılmasına, layihələr vasitəsilə genişləndirilməsinə və beynəlxalq müstəvidə təqdimatına imkan yaradır. Beləliklə, ailə miqyasında yaranmış təşəbbüs daha geniş mədəni faydaya xidmət etməyə başlayır.

İSTANBULDAN ALMANİYAYA, ALMANİYADAN VAŞİNQTONA

Beynəlxalq fəaliyyətimizin başlanğıcında 2024-cü ildə Agentliyin maliyyə dəstəyi ilə İstanbulda həyata keçirilən "Zəngəzur sənətkarlığı" layihəsi dayanır. 2025-ci ildə Almaniyada reallaşdırılan "Qərbi Azərbaycan sənət nümunələri" layihəsi bu istiqaməti genişləndirdi. Bu təşəbbüslər sənət nümunələrimizin xaricdə təqdim olunmasına, yeni əlaqələrin yaranmasına və növbəti layihələr üçün imkanların açılmasına kömək etdi.

Vaşinqton layihəsi əvvəlki təqdimatların sadəcə davamı deyildi. Bu dəfə mədəni irsin müasir sənətdə yaşadılması ilə yanaşı, həmin yaradıcılığın başlanğıcında dayanan art-terapiya təcrübəsi və ailə modeli də mütəxəssislərə təqdim olundu. Beləliklə, beynəlxalq fəaliyyətimizin məzmunu sənət nümunələrinin nümayişindən onların yaranma təcrübəsinin bölüşülməsinə qədər genişləndi.

DÖVLƏT DƏSTƏYİ VƏ QHT-NİN İNKİŞAF İMKANLARI

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rolunu yalnız layihələrə maliyyə ayrılması ilə məhdudlaşdırmaq olmaz. Bizim təcrübəmizdə Agentlik layihələrin gedişi ilə maraqlanıb, təşəbbüslərin inkişafına diqqət yetirib, tövsiyə məktubları vasitəsilə Almaniya və ABŞ-dəki səfirliklərlə əlaqələrin qurulmasına dəstək verib. Bu yanaşma layihələrin nəticələrinin daha geniş müstəviyə çıxmasına kömək edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müraciətimizə operativ münasibəti və layihənin icrası müddətində proseslə maraqlanması da bizim üçün əhəmiyyətli olub. Bu diqqətə və göstərilən dəstəyə görə Agentliyə, Prezident Administrasiyasına, Azərbaycan səfirliyinə və layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara təşəkkürümüzü bildiririk.

Təcrübəmiz göstərir ki, QHT-lərə yaradılan imkanlar təkcə ayrı-ayrı tədbirlərin keçirilməsinə xidmət etmir. Düzgün istiqamətləndirilmiş təşəbbüs yeni tərəfdaşlıqlara, beynəlxalq təqdimatlara və ictimai faydası daha geniş olan fəaliyyətə çevrilə bilər.

Sandıq və mücrü sənətinin qorunması tarixi-mədəni yaddaşın araşdırılmasını, nümunələrin mühafizəsini, sənətkarlıq biliklərinin ötürülməsini və bu irsin müasir dünyada tanıdılmasını tələb edir. Fərdi yaradıcılıq bu yolun başlanğıcıdır; QHT fəaliyyəti isə həmin yaradıcılığın ictimai miqyasını genişləndirərək onu mədəni irsin qorunmasına və beynəlxalq mədəni dialoqa xidmət edən təşəbbüsə çevirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31