Jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması narahatlıq doğurur - Mətbuat Şurası

Jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və mesajların göndərilməsi halları narahatlıq doğurur.

Bu barədə Mətbuat Şurasının yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur.

"Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər"., - deyə şura vurğulayıb.

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırıb.

"Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir", - deyə bildirilib.

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:

- Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.
- Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə[email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.
- İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsi ilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.
- Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.
- Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.

Əlavə edilib ki, jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31