Keyfiyyətli tibbi xidmət hər bir vətəndaş üçün əlçatan olmalıdır-Özəl
11:46 Sosial"TƏBİB-in yaradılması da icbari tibbi sığortaya keçid dövrünün qaçılmaz və uğurlu bir mərhələsi idi. Onun Səhiyyə Nazirliyinə birləşdirilməsi isə keçid dövrünün başa çatması və artıq daha qlobal, vahid və mərkəzləşdirilmiş idarəetmə mərhələsinə keçiddir". Bunu "Olaylar"a açıqlamasında hüquqşünas Alim Hüseynli deyib: "Şübhəsiz ki, ölkə Prezidentinin imzaladığı Fərman səhiyyə idarəçiliyində yeni mərhələ, vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək. Nəzərə almaq lazımdır ki, son illərdə səhiyyə sahəsinin inkişafı istiqamətdə çoxsaylı fərman, sərəncam və dövlət proqramları həyata keçirilməkdədir. Səhiyyə sistemi hər bir dövlətin, o cümlədən Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, insanların həyat keyfiyyətinə, sosial rifahına və gələcəyə inamına birbaşa təsir göstərir. Azərbaycan hökumətinin də bu istiqamətdə həyata keçirdiyi islahatların başlıca məqsədi yalnız tibb müəssisələrinin fəaliyyətini təşkil etmək deyil, həm də vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək, maliyyə resurslarından səmərəli istifadə etmək və səhiyyə idarəçiliyini müasir tələblərə uyğunlaşdırmaqdır.
Dəyişiklik tibbi sığorta sisteminin yetkinləşməsi və daha çevik vətəndaş yönümlü modelə keçidi təmin edəcək. Çünki, TƏBİB keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə keçid missiyasını tamamlayıb. Bu yenilik isə tibbi xidmətlərin keyfiyyətinə vahid yanaşma ilə paralel bütün dövlət tibb müəssisələrində vahid keyfiyyət standartlarının və nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin tətbiqinə səbəb olacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb. Prezidentin digər sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.