Media və Yayım Şurası dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir - Şöbə müdiri

Azərbaycan Media və Yayım Şurası ölkəyə qarşı dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir.

Bu barədə Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli cümə günü Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dilinin inkişafı, onun zənginliyi və qorunması sahəsində fəaliyyət əsirgənməməlidir.

"Azərbaycan Respublikasının Media və Yayım Şurası ölkəmizə qarşı yönələn dezinformasiyanın qarşısını almaq üçün demək olar ki, bütün sutkanı çalışıb. Demək olar ki, bəzən gecə yarısı, bəzən gün ərzində bir neçə dəfə biz dezinformasiyanı ifşa edən bəyanatlar verdik, açıqlamalar verdik.

Biz qalib, müharibədə zəfər çalmış bir ölkənin vətəndaşıyıq. Bunun böyük məsuliyyəti var, qüruru var və eyni zamanda böyük məsuliyyəti var.

Biz istərdik ki, gündəlik işimizdə bax bu prinsipləri biz əsas götürək",- deyə o bildirib.

Qeyd edək ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.

Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.

Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31