Ümumi təhsil müəssisələrində nə baş verir?-Özəl

"Məktəbin gücü şagirdin şəxsiyyətini formalaşdırmaq bacarığındadır"
Jon Lokk ingilis mütəfəkkiri
Azərbaycan Xalqı son 30 il ərzində özünün dövlətçilik ənənələrini davam etdirməklə keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini anlayaraq yüksək hüquqi qüvvəyə malik və Azərbaycan xalqının siyasi iradəsini ifadə edən Konstitutsiyasını qəbul etmişdir. Məhz xalqın iradə ifadəsi kimi qanunların aliliyini təmin edən Konstitutsiya dövlətimizi hüquqi, demokratik, dünyəvi və unitar Respublika kimi əxz edir. Bütün dünya xalqları ilə dostluq, sülh və əmin - amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbayacan xalqının qarşıya qoyduğu ülvi niyyətlərindəndir. Dünyəvi dövlətçilik, dövləti və təhsil sistemini dindən ayırır, heç bir dinə üstünlük vermir. Dini qurumlar dövlətdən ayrı olsalar da, qanun qarşısında bərabərdirlər. Son günlər Azərbaycan məktəblərində  təhsil alanların, hətta təhsil verənlərin də hicabla bağlı qanunun tələbinə tabe olmaması ölkədə ciddi narahatlığa səbəb olub. Konstitutsiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. Ən başlıcası isə, həmin maddə təhsil sisteminə dövlət nəzarətini imperativləşdirir.
Şagirdlərin bilik və bacarığını, habelə istedadlarını reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılır. Təhsil müəssisələrinin müstəqilliyinin artırılmasına önəm verilir, təhsilin özü də elmi-dünyəvi xarakter daşıyır. Hamıya heç bir fərq qoymadan təhsil almaq hüququna bərabər təminat verilir. Təhsil formaları üçün vacib dövlət standartları tətbiq edilir. Bu standartlar Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Lakin, NK-nin məlum qərarına - 2026-cı il 12 oktyabrdan başlayaraq şagirdlərin vahid geyim formasında məktəbə getməsi ilə bağlı qərarın icrasına səhlənkar münasibət sərgiləndi. Məktəbli geyim forması zahiri bərabərliyin, təhsil isə mənəvi və intellektual yüksəlişin ifadəsidir, - deyərdim. Bu, həm şagirdlər, həm də pedaqoji heyət arasında sosial bərabərliyi və məktəbə mənsubiyyət hissini gücləndirir.
Məhz, 12 oktyabrda bəzi təhsilverənlər, habelə valideyin və şagirdlər qərara məhəl qoymadan vahid geyim formasından imtina etdilər, itaətsizlik, polisin qanuni tələblərinə tabe olmama halları baş verdi. Təhrikçilər artıq məlumdur. Daha çox narahatlıq doğuran hal isə, şagirdlərin məktəb şüşələrini daşlaması, məktəbi yandırmağa cəhd etməsi faktları idi. Nə üçün? Bu yeniyetmələri ictimai-təhlükəli əməllərə sövq edən kimlərdir? Hüquqi araşdırmalar ictimaiyyətə çox şeyi çatdıracaq. Polisin peşəkarlığı nəticəsində bəzi vətəndaşlar ətrafında artıq ciddi məlumatlar əldə edilib.
Diqqəti keçmiş, sosialist Azərbaycanın təhsil sisteminə cəlb etmək istərdim. 40 il bundan öncə bu günün ümumi təhsil ocaqlarında məktəbəqədər tərbiyə işləri planlı şəkildə davam edərdi. İbtidai siniflərdə oxuyanlara "oktyabrat" adı, sonra "pioner", sonra "komsomol" adı verilərdi. Pionerlər vahid geyim formasında, ağ köynəyin yaxasında qırmızı qalstuk, komsomolun yaxasında nişan olardı. "Həmişə hazır" şüarları yeniyetmələrə görk olacaq həddə idi. "Oktyabrat" da, "pioner" və "komsomol" da davranışlarında və təhsildə fərqlənməli idilər, cəmiyyətin nümunəvi davranış kodeksi həmin azyaşlılardan başlayırdı. Həmin vaxtlarda şagirdlərdən süpürgə pulu, fond pulu və pərdə pulu əsla yığılmazdı. O illərdə təhsil ocaqlarının şüşələrinə daş atan və ya məktəbi yandırmağa cəhd edənlər də olmazdı. Sovet İmperiyasının ideologiyasına üstünlük verilməsinin tərəfdarı deyiləm, lakin qeyd etdiklərim həmin dövrdə  təlim-tərbiyə işlərinin gücündən xəbər verir. Mədəni tərbiyəvi işin təşkili, bu sahədəki ideologiyanın təsir imkanları var idi.
Bu gün məktəbi daşlayanlar, sabah məktəbə tapancadan atəş aça bilər, məktəbi yandırmağa cəhd edənlər, gələcəkdə daha ağır cinayətlərin subyektinə çevrilə bilərlər. Zənnimcə hadisələrin leytmotivini doğuran səbəbləri və şəraiti aramaq, onun aradan qaldırılması sahəsində işlər aparmağa ehtiyac var idi.
Nazirlər Kabinetinin məlum qərarından sonra məktəblərdə öncədən bu aktın icrası istiqamətində monitorinq aparmalıydı. 12 oktyabr tarixinə qədər valideynlər və müəllimlərlə izahlı işlər həyata keçirilməliydi, gözləniləcək və arzuolunmaz hadisələrin qarşısını almaq istəsəydik, mümkün olardı. Faktiki olaraq bu işi görməli olanlar məsələnin həssaslığını diqqətdə saxlamalı olduğu halda, səhlənkarlığa yol verdilər. Məktəb direktorlarının 3,4,5, bəzi məktəblərdə isə, daha çox müavinlər, sinif rəhbərləri var. Bu şəxslərin işi nədən ibarətdir? Niyə vəzifə funksiyalarına laqeyd yanaşma halları baş verib?... Son nəticədə Azərbaycan polisi təhlükəli əməllərin subyekti olmayan, gələcəyimizin kövrək budaqları və gül qoxulu butası ilə üz-üzə qaldılar. Bütün hallarda və situasiyalarda polis hardan və necə başlayacağını, hansı hadisələrə çevik reaksiya verəcəyini çox yaxşı bilirdi. Bu, onların içdiyi anda sədaqətin təzahürüdür. Məsələnin həssaslığını və təhlükəsini Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Ailə,Qadın və Uşaq Problemləri Komitəsinin, habelə Dini Qurumlarla iş üzrə Komitənin məsul işçiləri öncədən görməli idilər.
Bakının son illər ərzində Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Böyük Qayıdış Proqramına, işğaldan azad olunmuş ərazilərdə inqilabi quruculuq işlərinin uğurla həyata keçirilməsinə qısqanclıqla yanaşan, Zəfərimizi paxıllıq hissi ilə qəbul edənlər var. Digər tərəfdən fövqəladə dərəcədə geniş islahatlarımıza da kölgə salanlar, Dövlət Başçısının ağır zəhmətini anlamayanlar var. Uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici ölkələr özlərinin  məkrli ideologiyasını Azərbaycana ixrac edib, dayanıqlı sabitliyi pozmağa cəhd edənlər də var. Azərbaycan vətəndaşı olaraq hər birimiz ayqı-sayıq olmalı, bu sahədə müvafiq dövlət qrumlarına dəstək verməkdən kənara çəkilməməliyik.
Konstitutsiyamızın 48-ci maddələrində təsbit olunan Vicdan azadlığı hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququnu verir. Lakin, elə həmin maddəyə görə, Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır! Digər tərəfdən 48-ci maddə həm də, dinə olan münasibətdən asılı olmayaraq, hamının qanun qarşısında bərabərliyi imperativləşdirilir. Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə, digərlərinin də hüquq və azadlıqlarının mühafizəsi üçün zəruri hallarda məhdudiyyət qoyula bilər.
Bir vacib məsələni də qeyd etmək istərdim. Hər birimiz, bu sahəyə cavabdehlik daşıyan məmurlar da Azərbaycan vətəndaşları hesab olunuruq. Vətəndaşlıq sadə məsələ deyil, şərəf, ləyaqət, ucalıq və mənsub olduğumuz dövlətin inkişafı uğrunda canımızdan belə keçməyə hazır olmaq, - deməkdir. Bu fikirlər Konstitutsiyamızın 52-ci maddəsində belə əxz edilir: Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır!
Vətəndaşlıq şəxsiyyətin hüquqi statusunun ən vacib ünsürlərindəndir. Bu mənada Vətəndaşlıq şəxsiyyətlə dövlət arasında mövcud olan qarşılıqlı münasibətlərin əsasını təşkil edir. Hüquq və azadlıqlarla yanaşı vətəndaşın dövlət qarşısında vəzifələri də var. Hər kəsin qanunun tələblərinə uyğun olan davranışı hüquqa uyğun davranışdır. Əksinə, insanın qanunun tələblərinə zidd olan davranışı hüquq pozuntusu sayılır. Biz bunun şahidi olduq.
Şagirdlərin vahid geyim formasında məktəbə getməsini hüquqi əsaslarla məcburiliyini izah edən NK-nin məlum qərarının icrasına cavabdehlik daşıyan vəzifəlilərin belə səhlənkar münasibətləri anlaşılan deyil.
Dünyəvi məktəb dini inanclarla mübarizə aparmaq deyil, müxtəlif dünyagörüşünə malik şagirdlərin bərabər təhsil mühitidir. Valideynlərin etirazı ilə məktəbin mövcud tələbi arasında körpü qurmaq pedaqoji müdrikliyin ən mühüm və uca göstəricisidir. Müəllimin də, valideyinin də böyüklüyü qaydaların mahiyyətini şagirdə sevdirə bilməsindədir.
Şəmsəddin Əliyev
Hüquqşünas, publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31