“Roblox” həyəcanı və rəqəmsal təhlükə: Virtual oyunlar uşaqların həyatını necə təhdid edir?

Texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə uşaqların böyüdüyü mühit də dəyişib. Bir neçə il əvvəl uşaqların əsas əyləncə vasitələri küçə oyunları, televizor və müxtəlif fiziki fəaliyyətlər idisə, bu gün onların gündəlik həyatında smartfonlar, planşetlər, sosial şəbəkələr və onlayn oyunlar mühüm yer tutur. Rəqəmsal platformalar uşaqlar üçün sadəcə vaxt keçirmək vasitəsi deyil, eyni zamanda ünsiyyət qurduqları, dostluq etdikləri, yeni insanlarla tanış olduqları, müxtəlif dünyaları kəşf etdikləri və emosional təcrübələr yaşadıqları virtual mühitə çevrilib. Bu dəyişimin müsbət tərəfləri ilə yanaşı, uşaqların qarşılaşa biləcəyi yeni risklər də gündəmə gəlir. Xüsusilə onlayn oyun platformaları uşaqların böyük hissəsinin istifadə etdiyi rəqəmsal məkanlardan biridir. Bu platformalarda uşaq yalnız əvvəlcədən hazırlanmış oyun ssenarisi ilə qarşılaşmır. Bir çox hallarda o, digər istifadəçilərlə ünsiyyət qurur, müxtəlif oyunlara daxil olur, mesajlaşır, istifadəçi tərəfindən yaradılmış məzmunlarla qarşılaşır və yaşına uyğunluğu əvvəlcədən müəyyən edilməyən materialları görə bilir. Beləliklə, ənənəvi mənada "oyun" kimi qəbul edilən məkan əslində uşağın ünsiyyət, informasiya və sosial münasibətlər qurduğu geniş virtual mühitə çevrilir. Məhz bu səbəbdən uşaqların internetdə təhlükəsizliyi məsələsi artıq yalnız texnoloji problem kimi deyil, həm də sosial və psixoloji məsələ kimi müzakirə olunur. Ümumdünya Səhiyyə Təşkilatı da rəqəmsal mühitlərin uşaqlar və yeniyetmələrin psixi sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə biləcəyini bildirir. Təşkilatın son illərdəki materiallarında onlayn mühitlərdə kiberbullinq, özünəxəsarət məzmunu, zorakılıq və digər zərərli materiallarla qarşılaşmanın uşaqlar üçün risk yarada biləcəyi vurğulanır. Sentyabrın 13-də Bakının Xətai rayonunda baş verən və 12 yaşlı uşağın həyatını itirməsi ilə nəticələnən hadisə isə bu mövzunu Azərbaycanda xüsusilə gündəmə gətirib. Baş Prokurorluğun yaydığı məlumata əsasən, ilkin araşdırma zamanı uşağın hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Araşdırma çərçivəsində onun "Roblox" platformasında qarşılaşdığı, psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların hadisə ilə əlaqəsi də araşdırılır. Eyni zamanda, istintaq uşağın istifadə etdiyi elektron qurğular, daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirini müəyyənləşdirməyə davam edir. Bu məsələni yalnız konkret bir oyun platformasının adı ilə məhdudlaşdırmaq da doğru olmaz. "Roblox" ətrafında yaranan hadisə rəqəmsal dünyada uşaqların təhlükəsizliyi ilə bağlı daha böyük problemin bir nümunəsi kimi nəzərdən keçirilə bilər. Bu gün bir uşaq oyun platformasında, sabah sosial şəbəkədə, başqa bir gün isə video paylaşım və ya mesajlaşma tətbiqində yaşına uyğun olmayan məzmunla qarşılaşa bilər. Rəqəmsal platformaların sərhədləri bir-birindən tam ayrı deyil; uşağın bir platformada gördüyü və ya eşitdiyi məzmun digər platformaya da keçə bilir. Mövzunun digər mühüm tərəfi isə onlayn və real həyat arasındakı sərhədin uşaqlar üçün böyüklər düşündüyü qədər aydın olmamasıdır. Uşağın internetdə keçirdiyi vaxt, virtual dostluqları, oyun daxilindəki münasibətləri və qarşılaşdığı məzmun onun gündəlik həyatından tamamilə ayrı hadisələr deyil. ÜST-nin 2025-ci ildə dərc etdiyi araşdırma və siyasət sənədlərində də uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsir edən rəqəmsal mühitin məktəb və ailə kimi digər sosial mühitlərlə birlikdə nəzərdən keçirilməsinin vacibliyi vurğulanır. Bu baxımdan, məsələ yalnız uşağın internetdən istifadə etməsi və ya oyun oynaması deyil. Əsas məsələ uşağın qarşılaşdığı rəqəmsal mühitin nə qədər təhlükəsiz olması və həmin mühitdə baş verənlərin böyüklər tərəfindən nə dərəcədə görünə bilməsidir. Bəs uşaqları özünəxəsarət və intihara yönəldə biləcək məzmunlardan qorumaq üçün hansı mexanizmlər daha effektiv ola bilər? Belə hallarda məsuliyyət hansı tərəflər arasında bölüşdürülməlidir? Uşaqların müəyyən məzmunlara qarşı həssaslığının arxasında hansı psixoloji və inkişaf amilləri dayanır? Valideynlər övladlarının rəqəmsal həyatına müdaxilə etmədən onların təhlükəsizliyini necə təmin edə bilərlər?

Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova Olaylar.az-a açıqlamasında bildirib ki, bu oyunların öz mexanizmlərini, uşaqların həmin oyunlara ümumiyyətlə hansı formada cəlb olunduğunu tam olaraq bilmirəm. Amma müşahidə etdiyim bir məqam var ki, uşaqlar sanki bu oyunlardan əl çəkə bilmirlər. Onlar həmin oyunlara çox bağlanırlar və bəzən oyundan uzaqlaşmaq onlar üçün çətin olur. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Məsələn, uşaq oynayır, digər otaqdan otağa keçəndə və ya hansısa evdə olanda belə, onun oyundan çıxdıqdan sonrakı davranışında müəyyən dəyişiklikləri müşahidə etmək mümkündür. Bəzən uşaq oyundan aqressiv şəkildə çıxa bilir. Xüsusilə də uşaq həmin oyunda uğur qazana bilmirsə, bu, onun vəziyyətinə müəyyən qədər təsir edir. Hətta belə hallarda uşağın düşüncəsində "Mən heç kimə lazım deyiləm", "Mən burada niyə doğulmuşam?" kimi fikirlər yarana bilər. Yəni uşaq oyunda uğursuzluq yaşadıqda, bunu sadəcə oyun çərçivəsində qəbul etməyə bilər və nəticədə özünə münasibətində də mənfi düşüncələr yarana bilər. Belə bir nəticə əldə edirik. Sonra görürük ki, uşaqlar bəzən belə oyunlara niyə bu qədər bağlanırlar. Yenə deyirəm, hətta valideynlər müəyyən qadağalar qoysa belə, mən çox müşahidə etmişəm ki, valideynlər uşaqlara nəzarət altında oyun oynamağa imkan verirlər. Onlar uşaqlarının nə etdiyinə müəyyən qədər nəzarət edir, tərbiyəsində müxtəlif nəzarət mexanizmləri tətbiq etməyə çalışırlar. Amma məsələ yalnız valideynlərin üzərinə düşmür. Bu məsələni yalnız valideynin məsuliyyəti kimi qiymətləndirmək düzgün deyil. Çünki valideynlərin də gündəlik həyatda öz işləri, məşğuliyyətləri var. Valideynlər məşğul olanda, ata və ya ana işdə olanda, uşaq günün böyük hissəsini evdə keçirəndə məsələ artıq cəmiyyətə də gəlib çıxır. Çünki uşağın hər dəfə və ya günün yarı hissəsini hansısa oyunda keçirməsi artıq onun gündəlik həyatının müəyyən hissəsinə çevrilir. Ona görə də bu sosial şəbəkələrdə intihar, ölüm və digər bu kimi məzmunların azyaşlı uşaqların qarşısına çıxmasının qarşısı alınmalıdır və buna xüsusi diqqət yetirilməlidir. Uşaqların belə məzmunlarla qarşılaşması məsələsinə ciddi yanaşmaq lazımdır. Bu oyunlarda da belə hallar var ki, uşaqlar həmin məzmunlara cəlb olunurlar. Uşaqlar bu oyunlardan əl çəkə bilmirlər. Onlar həmin oyunlara müəyyən maraq göstərirlər və zaman keçdikcə bu oyunlar onların gündəlik həyatında daha böyük yer tuta bilir.

"Bir də bunu deyim, əziz valideynlərə: uşaqları boş buraxmasınlar. Dərsdən gəldikdən sonra onları hər hansı dərnəyə yazdırsınlar, müxtəlif fəaliyyətlərə yönəltsinlər. Çünki belə olanda uşaq enerjisini başqa yerlərdə çıxarır. Uşaq gün ərzində müxtəlif fəaliyyətlərlə məşğul olduqda, onun boş vaxtı da azalır. İnanın ki, belə olan halda uşaqların heç vaxtı qalmır ki, hansısa oyuna uzun müddət daxil olsunlar və bütün vaxtlarını orada keçirsinlər. Uşağın enerjisinin və vaxtının başqa fəaliyyətlərə yönəldilməsi onun gün ərzində yalnız oyunla məşğul olmasının qarşısını ala bilər. Amma nəzarətsiz uşaq olanda, təbii ki, bu, hamısına şamil deyil, uşağın bir qədər boş vaxtı olanda gəlib bu oyunlara daxil olması mümkündür. Yenə deyirəm, xüsusilə özünə qapanmış uşaq dünyadan, ailəsindən uzaqlaşır, heç kimlə ünsiyyət qurmaq istəmir. Belə uşaq gedib bir otağa girir və sonra ümumiyyətlə ümidini itirir. Heç kimlə danışmaq istəmir, özünü insanlardan uzaqlaşdırır. Özünü lazımsız görür. Düşünür ki, "Mən sevilmirəm, oyunla başımı qatım". Yəni uşaq real həyatda tapa bilmədiyi və ya hiss etmədiyi müəyyən emosional vəziyyəti başqa yerdə, o cümlədən oyunlarda kompensasiya etməyə çalışa bilər. Amma həmin oyunda da uğur əldə edə bilmədikdə həmin vəziyyət daha da ağırlaşa bilər. Uşaq oyunda uğur əldə edə bilmədikdə, onda müəyyən mənfi hallar və mənfi düşüncələr başlayır. Ona görə də mən xüsusilə valideynlərə hər dəfə deyirəm: uşaqlarla, övladlarla dost olsunlar, onlarla danışsınlar, aralarında ünsiyyət qursunlar. Uşaqlar ünsiyyətsiz qalmasınlar. Valideyn övladı ilə nə qədər yaxın münasibətdə olsa, onunla danışsa, onu dinləsə, uşağın daxilində baş verənləri də müəyyən qədər bilmək mümkün olar. Sosial şəbəkələrin bizim üçün müsbət tərəfləri də var. Nəyisə əldə etmək üçün biz tez bir zamanda ona çata, məlumatı əldə edə bilirik və bu, çox gözəldir. Müasir dövrdə sosial şəbəkələr və internet insanların məlumat əldə etməsini xeyli asanlaşdırıb. Amma mənfi tərəfi də odur ki, baxın, oraya azyaşlılar da daxil olurlar. Yəni xüsusilə azyaşlı uşaqlar da bu platformalara daxil olurlar. Buna görə də onların hansı məzmunlarla qarşılaşması məsələsinə diqqət yetirmək lazımdır. Ona görə də valideynlərdən çox xahiş edərdim ki, övladları ilə ünsiyyəti bol etsinlər. Valideynlər çox zaman işdə olurlar və gün ərzində çox vaxtları olmur. Ata işdə olur, ana işdə olur və uşaq evdə bütün günü nəzarətsiz qala bilir. Belə vəziyyətdə uşağın vaxtını necə keçirdiyini, hansı oyunlara daxil olduğunu və nə ilə məşğul olduğunu izləmək də çətinləşir. Yəni uşaq, belə deyək, sevgidən məhrum olanda, daha doğrusu, ünsiyyətdən məhrum olanda, həmçinin diqqətsiz, qayğısız və sevgisiz qalanda belə hallar başlayır. Uşaqlar özlərini daha çox oyunlara həsr edirlər. Çünki onların boş vaxtı çox olur və həmin vaxtı keçirmək üçün oyunlara daha çox yönəlirlər. Elə xüsusi oyunlar var ki, uşaqlar həmin oyunlardan çıxa bilmirlər. Mənə görə, bu oyunlarda uşaqları cəlb edən müəyyən bir cazibə, bir növ maraq və həzz hissi var. Uşaqlar həmin oyunlardan ayrıla bilmirlər. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Uşağın həm real həyatda, həm ailədə, həm də sosial mühitdə ünsiyyətdə olması vacibdir. Uşaq özünü tək və ünsiyyətsiz hiss etməməlidir. Valideynlər də övladları ilə daha çox danışmalı, onların gündəlik həyatında baş verənlərdən xəbərdar olmalıdırlar", - deyə psixoloq əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31