“Hicab məsələnin təhriflərlə təqdim etmək cəhdi aydın görünür”-Özəl

"Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında aparılan müzakirələrin sosial mediada məqsədli şəkildə dini müstəviyə keçirilməsi və "ölkədə hicab qadağası başlayıb" kimi əsassız şübhələrin tirajlanması zərərli bir tendensiyadır. Bu iddiaları irəli sürənlər yaxşı dərk edirlər ki, təşəbbüsün ana hədəfi dini etiqad azadlığını məhdudlaşdırmaq deyil, dövlətin ümumi təhsil müəssisələrində müəyyən etdiyi vahid nizam-intizam və geyim standartlarını təmin etməkdir. Məktəbdən kənarda heç bir fərdin dini etiqadına və ya geyim seçiminə hər hansı məhdudiyyətin qoyulmadığı bir reallıqda, məsələni təhriflərlə təqdim etmək cəhdi aydın görünür". "Olaylar" xəbər verir ki, bunu Əməkdar Jurnalist Elman Babayev deyib: "Azərbaycan konstitusion əsaslara söykənən dünyəvi dövlətdir və milli təhsil sistemimiz də məhz bu sarsılmaz prinsiplər üzərində bərqərar olub. Dini etiqad azadlığına hörmət etmək dövlət təhsil müəssisələrində hamı üçün məcburi olan ümumi qaydaların ləğvi demək deyildir. Əksinə, məktəb mühitində dünyəviliyin və bərabərliyin qorunması hər bir şagirdin təhlükəsiz, ayrı-seçkilikdən uzaq və qərəzsiz mühitdə təhsil almasının başlıca təminatıdır.
Vahid məktəbli geyimi şagirdlər arasında sosial, maddi və ideoloji fərqlərin zahiri ifadəsini minimuma endirir. Bu qayda diqqəti zahiri görünüşdən və status yarışından bilik, bacarıq və şəxsi inkişafa yönəldir. Məktəb qapısından içəri daxil olan hər bir uşaq ailəsinin maddi imkanlarına və ya dini mənsubiyyətinə görə deyil, bərabərhüquqlu təhsilalan kimi qəbul edilməlidir.
Dini etiqad şəxsi və fərdi seçim məsələsidir. Hələ formalaşmaqda olan uşaqlar üzərində hər hansı dini və ya ideoloji təzyiqə yol verilməməli, onların yaş və psixoloji inkişaf xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Məktəbin əsas missiyası şagirdlərə hazır dini və ya ideoloji qəliblər təlqin etmək deyil, onların bilikli, sərbəst düşünən və gələcəkdə öz həyati qərarlarını müstəqil verə bilən yetkin şəxsiyyətlər kimi yetişməsinə şərait yaratmaqdır.
Geyim qaydası etirazı bəhanəsi ilə heç bir qız uşağı təhsildən və məktəb mühitindən uzaqlaşdırıla bilməz. Dövlətin və cəmiyyətin əsas hədəfi hər bir fərdin keyfiyyətli təhsil almasını, peşə sahibinə çevrilməsini və gələcəkdə müstəqil həyat qurmasını təmin etməkdir. Geyim ətrafında yaranan fikir ayrılıqları uşaqların fundamental təhsil hüququnu məhdudlaşdırmağa bəhanə olmamalıdır.
Məktəbdə neytrallıq tələbi yalnız şagirdlərə deyil, tədris prosesinin aparıcı qüvvəsi olan müəllimlərə də şamil olunur. Müəllim sinifdə təkcə fənn bilikləri ötürən şəxs deyil, həm də uşaqların dünyagörüşünün formalaşmasına vasitəsiz təsir edən canlı nümunədir. Onun davranışı, geyimi və duruşu şagirdlərə müəyyən alt mesajlar ötürür. Dövlət məktəbində çalışan müəllimin şəxsi inancına hörmətlə yanaşılsa da, tədris zamanı peşəkar neytrallıq, qərəzsizlik və dünyəvilik prinsipləri hər şeydən üstün tutulmalıdır.
Məsələni dinə qarşı mübarizə kimi qələmə vermək mahiyyəti təhrif edən və ictimai müzakirəni yanlış istiqamətə yönəldən yanaşmadır. Dünyəvilik dövlətçiliyimizin fundamental prinsiplərindən biridir və onun qorunmasını dini etiqad azadlığına qarşı qoymaq yolverilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31