Dini mövzulardan ictimai-siyasi gərginlik yaratmaq üçün istifadə edilməməlidir - Təhsil Şurası

Təhsil Şurası İctimai Birliyi "hicab" mövzusunun manipulyasiya edilərək ictimai-siyasi gərginlik yaratmaq məqsədilə istifadəsinə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.

Bu barədə Təhsil Şurası İctimai Birliyinin bəyanatında bildirilib.

Qurum qeyd edib ki, Azərbaycan konstitusion prinsiplərə əsaslanan dünyəvi dövlətdir. Ölkədə vicdan və din azadlığı qanunla təmin olunur, müxtəlif dini inanclara malik vətəndaşların dinc yanaşı yaşaması üçün tolerantlıq mühiti mövcuddur.

Bəyanatda vurğulanıb ki, dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə etməklə cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.

Təhsil Şurası xarici maliyyə resursları və layihələr vasitəsilə ölkədə süni gərginlik yaratmağa, ictimai sabitliyi və asayişi pozmağa yönəlmiş təşəbbüslərə də etiraz edib.

Bəyanatda Azərbaycan təhsilinin milli və dünyəvi dəyərlər əsasında formalaşdığı bildirilib. Qeyd olunub ki, məktəb və universitetlər siyasi intriqaların, xarici təsirlərin və radikal çağırışların meydanına çevrilməməlidir. Qurum dinin siyasiləşdirilməsinə və dövlətin təməl prinsiplərinə qarşı yönəldilməsinə qarşı olduğunu bəyan edib.

Təhsil Şurası İctimai Birliyi xarici investorları və onların yerli tərəfdaşlarını Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyətin həssas mövzularından istifadə etməklə sabitliyə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb.

Eyni zamanda, müəllimlərə, ziyalılara, tələbələrə və valideynlərə bu kimi hallara qarşı diqqətli olmaq, milli həmrəyliyi və dövlətçilik maraqlarını qorumaq çağırışı edilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31