Dil biliyinin qiymətləndirilməsində yeni mərhələ: IELTS imtahanı hansı imkanları yaradır?

Müasir dövrdə xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, təhsil, peşəkar inkişaf və beynəlxalq əlaqələr baxımından mühüm üstünlüklərdən birinə çevrilib. Qloballaşan dünyada insanların müxtəlif ölkələrdə təhsil alması, işləməsi, beynəlxalq layihələrdə iştirak etməsi və xarici informasiya mənbələrindən istifadə etməsi dil biliklərinə olan tələbatı artırır. Bu baxımdan xarici dil səviyyəsinin düzgün və obyektiv qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Dil öyrənmək yalnız söz və qrammatik qaydaları əzbərləməklə məhdudlaşmır. Şəxsin dili nə dərəcədə bildiyini müəyyən edən əsas göstəricilərdən biri onun həmin dildə fikrini ifadə edə bilməsi, eşitdiyini anlaması, oxuduğu mətndən məlumat çıxarması və yazılı şəkildə fikirlərini düzgün çatdırmasıdır. Buna görə də beynəlxalq dil imtahanlarında namizədin yalnız nəzəri bilikləri deyil, real kommunikasiya bacarıqları da qiymətləndirilir. Bu baxımdan IELTS dünyanın müxtəlif ölkələrində geniş tanınan dil imtahanlarından biri kimi xüsusi yer tutur. İmtahan namizədin ingilis dili üzrə dinləmə, oxuma, yazı və danışıq bacarıqlarını ayrı-ayrılıqda qiymətləndirir. Bu yanaşma dil biliyinə daha kompleks şəkildə baxmağa imkan verir. Çünki gündəlik və peşəkar həyatda xarici dildən istifadə edən şəxsin yalnız qrammatika qaydalarını bilməsi kifayət etmir. O, eyni zamanda qarşı tərəfi anlamalı, oxuduğu məlumatı düzgün dərk etməli, fikirlərini yazılı və şifahi formada ifadə etməyi bacarmalıdır.

IELTS-in Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi də bu istiqamətdə diqqətçəkən yenilik kimi qiymətləndirilə bilər. Belə bir yanaşma imtahanın təşkilinə, namizədlərin müraciət imkanlarına və qiymətləndirmə prosesinə marağı artırır. Eyni zamanda bu, Azərbaycanda dil biliklərinin qiymətləndirilməsi sahəsində beynəlxalq standartların tətbiqinin genişlənməsi baxımından əhəmiyyətlidir. Burada əsas məsələlərdən biri imtahanın nəticəsinin namizədin real dil səviyyəsini nə dərəcədə əks etdirməsidir. Beynəlxalq dil sertifikatları xüsusilə xaricdə təhsil almaq, müxtəlif akademik proqramlara müraciət etmək və beynəlxalq mühitdə fəaliyyət göstərmək istəyən şəxslər üçün mühüm rol oynayır. Bu səbəbdən imtahan prosesinin şəffaf, obyektiv və müəyyən edilmiş meyarlar əsasında aparılması namizədlər üçün böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, IELTS kimi imtahanların geniş yayılması cəmiyyətdə xarici dil öyrənməsinə marağın artmasına da təsir göstərə bilər. Gənclər üçün dil biliyi artıq yalnız məktəb və ya universitet proqramının bir hissəsi kimi deyil, gələcək karyeraya yatırım kimi qəbul olunur. Xarici dil bilən şəxslər müxtəlif mənbələrə daha geniş çıxış əldə edir, beynəlxalq təhsil imkanlarından yararlana və qlobal əmək bazarında öz mövqelərini gücləndirə bilirlər.

Mövzu ilə bağlı "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:

" Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə olaraq 19 noyabr tarixində keçirilməsi planlaşdırılan IELTS imtahanı British Council ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Ölkəmizdə IELTS imtahanı bir neçə yerdə keçirilsə də, artan tələbatın qarşılanması və imtahanın yüksək keyfiyyətlə təşkil edilməsi baxımından Dövlət İmtahan Mərkəzinin bu addımını mütərəqqi hesab edirəm. Düşünürəm ki, bu, IELTS imtahanına olan artan marağın qarşılanmasına müsbət təsir göstərəcək.

IELTS imtahanına ölkəmizdə həm özəl, həm də dövlət şirkətləri tərəfindən işə qəbul prosesində müəyyən qədər önəm verilir. Eyni zamanda, doktoranturaya qəbul və müdafiə proseslərində də IELTS sertifikatından istifadə etmək mümkündür. Bununla yanaşı, xarici universitetlərə qəbul olmaq və Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən şəxslər üçün də IELTS imtahanının verilməsi əsas tələblərdən biridir.

Bu baxımdan, artan tələbatın qarşılanması üçün Dövlət İmtahan Mərkəzinin yaratdığı bu imkanın müsbət təsir göstərəcəyini düşünürəm. Bu addım, ümumilikdə, dil sertifikatlarına olan artan marağın qarşılanmasına xidmət edir. Eyni zamanda, sertifikatların verilməsi ilə bağlı müəyyən mənfi hallar mövcuddursa, düşünürəm ki, yeni proses onların da qarşısının alınmasına əsaslı şəkildə kömək göstərə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31