SAKİT VƏ ƏMİN
20:00 Sosial(oçerk)
Əsl qəhrəmanlıq səs-küylə gəlmir. Bəzən o, sakit bir insanın məsuliyyətli addımlarında, əsgərinə olan sevgisində, Vətən qarşısında verdiyi sözə son nəfəsədək sədaqətində görünür...
Belə qəhrəmanlar haqqında danışarkən çox sözə ehtiyac qalmır. Onların ömür yolu öz-özlüyündə bir kitabdır. Hər səhifəsində bir insanın xarakteri, bir ailənin sevgisi, bir əsgərin sədaqəti, bir zabitin məsuliyyəti, bir Vətən oğlunun fədakarlığı görünür. Mayor Emin Bəhmən oğlu Süleymanovun həyatı da beləcə, sakit və əmin addımlarla yazılmış, son səhifəsi Vətən müharibəsinin qanlı-qürurlu tarixində tamamlanmış bir ömür kitabıdır.
Onun haqqında danışanlar ilk növbədə xarakterini xatırlayırlar: ciddi idi, sirr saxlamağı bacarırdı, ailəcanlı idi, işinə son dərəcə məsuliyyətlə yanaşırdı. Ən başlıcası isə vətənpərvər idi. Əsgərlərini övladı kimi sevirdi. Bu xüsusiyyətlərin hər biri ayrıca bir insan keyfiyyətidir. Lakin bunlar bir şəxsdə birləşəndə artıq xarakterdən daha böyük məna qazanır - zabitlik ləyaqətinə çevrilir.

Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində dünyaya göz açmışdı. Uşaqlıq illəri İmişlinin doğma mühitində keçmişdi. O, Namiq Şirinov adına 5 saylı tam orta məktəbdə təhsil almış, sonralar həyat yolunu hərbi sahə ilə bağlamışdı. Hərbi peşə onun üçün təsadüfi seçim deyildi. İntizam, məsuliyyət, Vətənə xidmət kimi anlayışlar onun həyatında getdikcə daha möhkəm yer tuturdu.
1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alması Eminin gələcək zabitlik yolunda mühüm mərhələ oldu. Hərbi liseydə formalaşan nizam-intizam, kollektivçilik, məsuliyyət və Vətənə bağlılıq duyğuları sonrakı həyatında da özünü göstərdi.
1995-ci ildə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Emin Süleymanov burada ali hərbi təhsil aldı. Sonralar bu ali məktəb Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi kimi fəaliyyət göstərdi. Emin artilleriyaçı ixtisasına yiyələndi.
1999-cu ildə ali hərbi məktəbi bitirərək leytenant rütbəsində hərbi xidmətə başlayan gənc zabitin qarşısında uzun və məsuliyyətli bir yol açıldı. Gənc yaşlarından hərbi hissələrdə xidmət edən Emin Süleymanov zaman keçdikcə öz peşəkarlığı, intizamı və məsuliyyətli davranışı ilə seçildi.
Zabitlik onun üçün yalnız rütbə, çin deyi, eyni zamanda çiyində böyük məsuliyyət demək idi. Zabit olmaq əsgərin qarşısında cavabdeh olmaq, verilmiş tapşırığın nəticəsini düşünmək, çətin anda düzgün qərar vermək, özündən əvvəl xidmət etdiyi dövlətin və Vətənin mənafeyini düşünmək idi.
Bu baxımdan "sakit" sözü onun xarakterini ifadə edən ən doğru sözlərdən biridir.
Sakit insanlar bəzən yanlış anlaşılır. Onların daxili dünyasının zənginliyi zahiri təmkininin arxasında görünməyə bilər. Lakin hərbi mühitdə insanın əsl xarakteri çətinlik qarşısında üzə çıxır. Emin Süleymanov da çətin anlarda özünü itirməyən, məsuliyyəti üzərinə götürməyi bacaran zabitlərdən idi.
Onun sakitliyində zəiflik yox, özünəinam vardı.
Əminliyində isə məsuliyyət.
Emin Süleymanov ailəli idi. Həyat yoldaşı Məhsəti xanımla iki övlad böyüdürdü. Bir oğlu, bir qızı onun üçün həyatın ən böyük mənalarından idi. Evdə onu gözləyən ailəsi, övladlarının səsi, ata qayğısına ehtiyacı olan iki balası vardı.
Amma hərbçi ailələrinin taleyində bir həqiqət var: ata evdə ailənin başçısı olduğu kimi, xidmətdə də Vətənin oğludur.
Emin bu iki məsuliyyəti öz həyatında birləşdirə bilmişdi. Ailəsinə bağlı, ailəcanlı insan kimi tanınırdı. Eyni zamanda xidmət etdiyi hərbi hissənin, rəhbərlik etdiyi şəxsi heyətin qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi.
Onun haqqında deyilən "əsgərlərini övladı kimi sevirdi" ifadəsi bu baxımdan xüsusi məna daşıyır.
Əsgəri sevmək onu qorumaqdır.
Əsgəri qorumaq isə hərbi rəhbər üçün yalnız insani hiss deyil, həm də peşə borcudur.
Emin Süleymanovun zabit obrazının mühüm cəhətlərindən biri məhz bu idi: tabeliyində olan şəxsi heyətə yalnız icraçı qüvvə kimi deyil, həyatını etibar etdiyi insanlar kimi yanaşırdı.
2020-ci ilin 27 sentyabrında Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri başladı.
Vətən müharibəsi Azərbaycan Ordusunun qarşısında böyük və tarixi vəzifələr qoydu. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda başlayan döyüşlər qısa zamanda böyük bir xalq savaşına çevrildi.
Emin Süleymanov da bu müharibənin ilk günlərindən döyüşlərdə iştirak etdi.
Artilleriyaçı zabit üçün döyüş meydanı həm də dəqiqlik, soyuqqanlılıq, peşəkarlıq və məsuliyyət tələb edən bir məkandır. Burada səhvin qiyməti ağırdır. Bir qərarın arxasında əsgərin həyatı, bir bölmənin taleyi, bəzən bütöv bir əməliyyatın nəticəsi dayanır.
Mayor Emin Süleymanov belə bir məsuliyyətin içində döyüşürdü.
Murovdağ...
Füzuli...
Xocavənd...
Şuşa...
Daşaltı...
Laçın...
Bu adların hər biri Vətən müharibəsinin tarixində ayrıca bir səhifədir. Emin Süleymanov həmin səhifələrin bir çoxunda öz imzasını qanı ilə yazdı.
Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Azərbaycan əsgər və zabitləri çətin relyef, ağır hava şəraiti və düşmənin müqaviməti ilə üz-üzə idilər. Burada döyüşmək təkcə silah və texnika deyil, dözüm, iradə və mənəvi möhkəmlik tələb edirdi.
Emin bütün bu sınaqlardan keçdi.
Sonra Füzuli istiqaməti...
Füzulinin azadlığı Azərbaycan Ordusunun böyük uğurlarından biri idi. Şəhərin və rayonun kəndlərinin azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq göstərdilər. Emin Süleymanov da bu döyüşlərdə iştirak edən zabitlərdən biri idi.
Xocavənd istiqamətində döyüşlər daha bir ağır sınaq idi.
Döyüşlərin coğrafiyası genişləndikcə mayor Emin Süleymanovun hərbi yolu da Vətən müharibəsinin müxtəlif istiqamətlərindən keçirdi.
Lakin qarşıda ən böyük sınaqlardan biri - Şuşa dayanırdı.
Şuşa!
Azərbaycanın ruhunun, tarixinin, mədəniyyətinin, musiqisinin, poeziyasının şəhəri.
Şuşanın azadlığı uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır və ən şərəfli səhifələrindən birinə çevrildi.
Emin Süleymanov 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etdi.
Daşaltı...
Bu adın özündə böyük bir tarix var. Şuşaya gedən yolun yaddaşında Daşaltının xüsusi yeri var. 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun qəhrəman oğulları həmin istiqamətdə böyük iradə və fədakarlıq göstərdilər.
Emin də həmin döyüşçülərin sırasında idi.
Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaət sonralar dövlət tərəfindən də yüksək qiymətləndirildi. Emin Süleymanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Lakin Eminin döyüş yolu Şuşa ilə bitmirdi.
Laçın istiqamətində də döyüş tapşırıqlarının yerinə yetirilməsi davam edirdi.
9 noyabr 2020-ci il...
Müharibənin qələbəyə çox yaxın olduğu, Azərbaycanın bütün xalqının böyük bir tarixi xəbəri gözlədiyi günlərdən biri.
Laçın istiqaməti.
Döyüş tapşırığı.
Və mayor Emin Süleymanov...
Həmin gün o, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Beləcə, 43 illik ömür yolu Vətən uğrunda şəhidlik zirvəsində tamamlandı.
Şəhidlik...
İmişli torpağı onu bağrına basdı.
Emin Süleymanov Xubyarlı kənd qəbiristanlığında dəfn edildi.
Şəhid zabitin həyatı haqqında danışarkən onun təltiflərini də xatırlamaq lazımdır.
Emin Süleymanov xidmət illərində III, II və I dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunmuşdu. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi və Azərbaycan Ordusunun 100 illiyi yubiley medallarına layiq görülmüşdü.
Vətən müharibəsində göstərdiyi xidmətlərə görə isə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi igidlik və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüldü.
Bu təltiflər bir zabitin ömür yolunun dövlət tərəfindən verilmiş qiymətidir.
Emin Süleymanovun atası Bəhmən Nəriman oğlu Süleymanov, anası Tamara Nəzər qızı Süleymanova idi. Onun Mehman və Elçin adlı qardaşları, Şəhla adlı bacısı vardı.
Bu ailənin bir övladı Vətən müharibəsində şəhid oldu.
Bu, yalnız bir ailənin itkisi deyildi.
Bu, Azərbaycan ailələrinin 2020-ci ildə yaşadığı böyük ağrıların bir hissəsi idi.
Amma hər ağrının içində qürur da vardı.
Çünki Eminin ailəsi bilirdi ki, onların oğlu, həyat yoldaşı, atası, qardaşı öz ömrünü Vətən yolunda başa vurub.
Onun oğlu Bəhmən və qızı Emilya atasının adını yalnız ailə xatirəsi kimi deyil, Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi daşıyacaqlar.
Atalar gedir, adlar qalır.
Övladlar böyüyür, atalarının ömrünü öyrənirlər.
Bir gün onlar öz övladlarına danışacaqlar:
"Bizim atamız mayor Emin Süleymanov idi. O, Vətən müharibəsində döyüşdü. Şuşanın, Xocavəndin, Füzulinin, Murovdağın, Laçının azadlığı uğrunda vuruşdu. Vətən üçün şəhid oldu."
Bu sözlər bir ailənin tarixindən çıxaraq xalqın yaddaşına çevrilir.
Emin Süleymanov haqqında "ciddi", "sakit", "sirr saxlamağı bacaran", "məsuliyyətli", "ailəcanlı", "vətənpərvər" deyirlər.
Bütün bu sözlərin içində onun şəxsiyyətini tamamlayan bir məqam var:
əminlik.
O, öz işini bilirdi.
Öz məsuliyyətini anlayırdı.
Əsgərinə münasibətini bilirdi.
Ailəsinin ona olan ehtiyacını bilirdi.
Vətənin qarşısında borcunu bilirdi.
Və son ana qədər öz yolundan dönmədi.
"Sakit və əmin" - onun xarakterini ifadə edən bu iki söz əslində bir zabitin bütöv həyat fəlsəfəsini özündə cəmləşdirir.
Sakit idi - çünki özünə inanırdı.
Əmin idi - çünki qarşısında dayanan məqsədin müqəddəsliyini dərk edirdi.
Bu gün Emin Süleymanovun adı çəkiləndə yalnız bir mayorun bioqrafiyasından danışmırıq.
Biz Azərbaycan zabitinin obrazından danışırıq.
O zabitin ki, sakit görünür, amma daxilində böyük bir Vətən sevgisi daşıyır.
O zabitin ki, əsgərinə övladı kimi yanaşır.
O zabitin ki, verilən tapşırığı yerinə yetirməyi şərəf məsələsi sayır.
O zabitin ki, son döyüşünə qədər öz vəzifə başında olur.
O zabitin ki, Vətən uğrunda canından keçməyi ən ali xidmət hesab edir.
Emin Süleymanovun həyat yolu gələcək nəsillər üçün də bir örnəkdir.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AVMVİB, AJB və AYB-nin üzvü