“Bakının bu ərazilərində parklar salınmalıdır"-Ekoloq
15:58 SosialBakıda köhnə və istismar müddətini başa vurmuş binaların sökülməsi ilə bağlı müxtəlif ərazilərdə yenilənmə prosesləri həyata keçirilir. Paytaxtın bir sıra rayonlarında köhnə yaşayış fondunun mərhələli şəkildə sökülməsi, ərazilərin yenidən planlaşdırılması və şəhər infrastrukturunun yenilənməsi nəzərdə tutulur.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli olaylar.az-a açıqlamasında bildirib ki, bu proses yalnız yeni tikililərin inşası ilə məhdudlaşmamalı, Bakının yaşıllıq balansının yaxşılaşdırılması üçün mühüm fürsət kimi dəyərləndirilməlidir.
"Sökülən köhnə binaların yerində yenidən sıx tikinti aparılması şəhərin onsuz da yüksək olan tikinti sıxlığını daha da artırır. Qarşıda duran əsas məsələlərdən biri təkcə köhnə binaların yenilənməsi deyil, həm də şəhər mühitinin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Ona görə də söküntü aparılan ərazilərin hamısına tikinti sahəsi kimi baxmaq düzgün yanaşma deyil. Mümkün olan ərazilərdə burada parklar, bağlar, yaşıllıq zolaqları və ictimai istirahət məkanları yaradılmalıdır. Abşeron kimi quraq iqlimə malik, yay aylarında yüksək temperaturun müşahidə olunduğu və su ehtiyatları məhdud olan ərazilərdə yaşıllıqlar şəhər infrastrukturunun ayrılmaz hissəsi hesab edilməlidir.
Yaşıllıq yalnız şəhərin estetik görünüşü demək deyil. Ağaclar və digər bitkilər havadakı tozun və müəyyən çirkləndiricilərin azalmasına, karbonun tutulmasına, temperaturun aşağı salınmasına və şəhər istilik adası effektinin zəiflədilməsinə kömək edir. Böyük yaşıllıq sahələri həmçinin insanların istirahəti və fiziki aktivliyi üçün sağlam ictimai məkan yaradır".
Ekoloq hesab edir ki, yaşıllıq ərazilərinin artırılması yağış sularının idarə olunması baxımından da əhəmiyyətlidir:
"Şəhərlərdə torpaq səthinin beton və asfaltla həddindən artıq örtülməsi yağış sularının torpağa hopmasını çətinləşdirir. Parklar, yaşıllıq zolaqları və təbii səthlər isə yağış suyunun müəyyən hissəsinin torpağa hopmasına imkan verir. Bu baxımdan yaşıllıqlar həm ekoloji, həm də şəhər infrastrukturunun davamlılığı baxımından vacibdir".
QHT sədri bildirib ki, söküntü və yenidənqurma layihələrində "ərazini boşaltmaq və yenidən tikmək" prinsipi əvəzinə "ərazini sağlam və yaşıl şəhər mühitinə çevirmək" yanaşması üstün tutulmalıdır.
"Hər bir söküntü ərazisi üzrə ayrıca şəhərsalma-ekoloji qiymətləndirmə aparılmalı, ərazinin tikinti potensialı ilə yanaşı, onun yaşıllıq və ictimai məkan kimi istifadəsinin mümkünlüyü də araşdırılmalıdır. Əgər bir məhəllədə onlarla köhnə tikili sökülürsə, həmin ərazinin yenidən tamamilə betonlaşdırılması şəhərin ekoloji problemlərini həll etməyəcək. Əksinə, belə ərazilərin heç olmasa bir hissəsinin park və yaşıllıq zonasına çevrilməsi Bakının nəfəs alma imkanlarını genişləndirər", - deyə, o, əlavə edib.
Ekoloqun fikrincə, yeni salınacaq yaşıllıqların seçimində də yalnız dekorativ bitkilərə üstünlük verilməməli, Bakı iqliminə uyğun, suya qənaət edən, yerli şəraitə davamlı ağac və kol növlərindən istifadə edilməlidir.
Olaylar.az