Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
12:11 SosialAzərbaycanda aqrar sahənin dövlət tənzimlənməsi və dövlət dəstəyi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında verilən xəbərlərə görə, "Aqrar sahə haqqında" qanun layihəsi aqrar sahədə dövlət tənzimləməsinin və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.
Layihədə aqrar məhsulun istehsalı və ilkin emalı, aqrar dəyər zəncirinin formalaşdırılması, istehsalçıların bazarlara çıxışının dəstəklənməsi, kənd yerlərində məşğulluğun artırılması və investisiya imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, aqrar sahəyə dövlət dəstəyi 12 əsas istiqamət üzrə həyata keçirilə bilər. Bunlara aqrar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışında və maliyyə icarəsində güzəştlərin tətbiqi, güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, qrantların verilməsi, dövlət investisiyaları, vergi və gömrük güzəştləri, aqrar sığorta, satış yerlərinin təşkili, informasiya-məsləhət xidmətləri və dövlət-özəl tərəfdaşlığı daxildir. Strateji əhəmiyyətli aqrar məhsulların istehsalı zamanı dövlət zəmanətinin tətbiqi də nəzərdə tutulur.
Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində aqrar məhsul istehsalçılarının reytinq sisteminin nəzərə alınması təklif edilir. Bu sistemdə istehsalçıların iqtisadi səmərəliliyi, resurslardan effektiv istifadəsi və dövlət dəstəyi tədbirlərindən təyinatına uyğun yararlanması qiymətləndiriləcək. Eyni zamanda, subsidiyalaşdırma ilə bağlı qərarların qəbul edilməsi üçün Aqrar Subsidiya Şurasının yaradılması nəzərdə tutulur.
Layihədə aqrar sahədə dövlət nəzarətinin əhatə dairəsi də müəyyənləşdirilir. Nəzarətin seleksiya nailiyyətlərinin qeydiyyatı və mühafizəsi, heyvandarlıq və damazlıq işi, toxumun istehsalı və keyfiyyəti, kənd təsərrüfatı texnikasının texniki vəziyyəti, torpaqların münbitliyi, genetik ehtiyatların qorunması, güzəşt və güzəştli kreditlərdən təyinatı üzrə istifadə, subsidiya mexanizmlərinə riayət, heyvan və bitki sağlamlığı, tullantıların idarə edilməsi və qida təhlükəsizliyi kimi istiqamətləri əhatə etməsi nəzərdə tutulur.
Qanun layihəsində kənd təsərrüfatı təyinatlı torpaqların qorunmasına xüsusi diqqət ayrılır. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, müasir suvarma sistemləri və hətta süni intellekt kimi müasir texnologiyaların tətbiqi, torpaqların münbitliyinin qorunması, aqrokimyəvi xəritələrin hazırlanması və torpaq sahələrinin kiçik hissələrə bölünməsinin qarşısının alınması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması da layihədə əksini tapıb.
Sənəddə su ehtiyatlarından səmərəli istifadəyə də ayrıca yanaşılır. Suvarma şəbəkələrində su itkilərini azaldan texnologiyaların və qapalı suvarma sistemlərinin genişləndirilməsi, suvarma sistemlərinin səmərəliliyinin artırılması, bitkilərin xüsusiyyətlərinə uyğun suvarma qrafiklərinin müəyyən edilməsi, su limitlərinə riayət olunması və aqrar sahənin ehtiyacları üçün sututarların yaradılması nəzərdə tutulur.
Layihə aqrar sahənin iqlim dəyişikliklərinə uyğunlaşdırılmasını da dövlət siyasətinin istiqamətlərindən biri kimi müəyyən edir. Bu məqsədlə iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması, təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması, sudan səmərəli istifadə və alternativ su mənbələrindən yararlanma imkanlarının genişləndirilməsi təklif olunur. Həmçinin istixana qazı emissiyalarının azaldılması, resursqənaətedici texnologiyaların və aşağı emissiyalı, o cümlədən elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Bitkiçilik və heyvandarlıq sahələri üzrə də geniş tədbirlər paketi müəyyən edilir. Bitkiçilikdə intensiv istehsal üsulunun genişləndirilməsi, yeni məhsuldar sortların yaradılması, toxumların sertifikatlaşdırılması, ərazilərin bitki növləri üzrə rayonlaşdırılması və aqrotexniki xidmətlərin tətbiqi nəzərdə tutulur. Heyvandarlıqda isə yem ehtiyatlarının yaradılması, heyvan cinslərinin rayonlaşdırılması, ixtisaslaşmış təsərrüfatların yaradılması, yerli cinslərin genetik ehtiyatlarının qorunması, heyvan sağlamlığının təmin edilməsi və innovativ üsulların tətbiqi təklif olunur.
Qanun layihəsində kənd yerlərinin aqrar baxımdan inkişafı üçün torpaqların konsolidasiyası, aqrar kooperativlərin yaradılmasının təşviqi, məhsulların daxili və xarici bazarlara çıxışının genişləndirilməsi, aqroturizmin inkişafı, müqavilə əsaslı istehsalın tətbiqi, müasir suvarma sistemlərinin və rəqəmsal həllərin yayılması, aqropark və aqroklasterlərin, ilkin emal, saxlama və logistika infrastrukturunun yaradılması nəzərdə tutulur.
Aqrar məhsulların satışı üçün aqrar məhsul bazarları, satış yarmarkaları, fermer mağazaları, səyyar satış yerləri və elektron platformalar müəyyən edilir. Aqrar kooperativlərə isə öz satış yerlərini yaratmaq və digər subyektlərlə birlikdə satış infrastrukturu təşkil etmək imkanı verilməsi təklif olunur. Kooperativlərin satış yerlərində yalnız aqrar məhsul istehsalçılarının özlərinin istehsal etdiyi məhsulların satışına yol verilməsi nəzərdə tutulur.
Layihədə aqroturizmin inkişafı üçün də ayrıca mexanizmlər müəyyən edilir. Aqroturizm fəaliyyətinin təşviqi, dövlət dəstəyi, dövlət-özəl tərəfdaşlığının yaradılması, kənd yerlərində turizm infrastrukturunun inkişaf etdirilməsi, aqroturizm məhsullarının formalaşdırılması, sertifikasiya mexanizminin yaradılması və bu sahə üzrə təhsil-təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, aqrar sahədə geniş elektron və xidmət mexanizmlərinin tətbiqi təklif olunur. Aqrar sahə üzrə elektron qeydiyyat, məlumat və məsləhət xidmətləri, heyvanların müayinəsi və müalicəsi, bitki mühafizəsi, aqrokimyəvi analizlər, toxum istehsalçılarının qeydiyyatı və toxum sertifikatlarının verilməsi, kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatı və texniki baxışı, istixanaların, soyuducu anbarların və taxıl elevatorlarının qeydiyyatı, aqrar subsidiyaların verilməsi kimi xidmətlər nəzərdə tutulur.
Qanun layihəsində həmçinin heyvandarlıq təsərrüfatlarının və heyvanların sağlamlığı ilə bağlı tələblər müəyyənləşdirilir. Kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemləndirilməsi və sağlamlığının qorunması, daşınmasının onların sağlamlığına zərər vurmayan üsullarla həyata keçirilməsi, habelə kəsim üçün müəyyən edilmiş minimum çəki və yaş hədlərinə riayət olunması nəzərdə tutulur.
Layihəyə əsasən, qanun dərc edildiyi gündən qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsi ilə "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunların ləğv edilməsi təklif olunur. Beləliklə, aqrar sahənin müxtəlif istiqamətlərini tənzimləyən ayrı-ayrı qanunların vahid hüquqi çərçivədə birləşdirilməsi nəzərdə tutulur.