Azərbaycan təhsilinə ümumi baxış-Özəl
11:36 Sosial"Hər bir dövlətin inkişafı, vətəndaşlarının intellektual səviyyəsi və dünyagörüşü bilavasitə onun təhsil sistemi ilə bağlıdır. Son illərdə ölkəmizdə təhsilin inkişafı, gənc nəslin savadlı və sağlam ruhda yetişməsi, intellektual potensialının yüksəldilməsi, dünyagörüşünün zənginləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir". "Olaylar" xəbər verir ki. bunu Milli Məcisin deputatı Ceyhun Məmmədov deyib: "Reallıq ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemində son illər mühüm dəyişikliklər baş verir. Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixində imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana əsasən Təhsil Nazirliyinin adı dəyişdirilərək "Elm və Təhsil Nazirliyi" adlandırıldı. Bu, ölkəmizdə elm və təhsildə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Elmi müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi və tənzimlənməsi baxımından da yeni imkanlar yaranıb.
Azərbaycan cəmiyyəti tarixən təhsilə həssas yanaşıb. Bu gün də cəmiyyətimizdə təhsil sahəsində baş verən dəyişikliklər geniş müzakirələr doğurur. İnsanları əsasən "Təhsilimizin səviyyəsini necə yüksəldək? Daha güclü təhsil sistemi necə quraq?" sualları düşündürür.
Təhsildə həllini gözləyən vacib məsələlərdən biri universitetlərin tədqiqat yönümlü fəaliyyətinin gücləndirilməsidir. Ali təhsil müəssisələrində elmi tədqiqatlara xüsusi önəm verilməli, hətta yeni tədqiqat universitetlərinin yaradılması nəzərdən keçirilməlidir. Təəssüf ki, mövcud elmi məqalə və tədqiqatların çoxu hələlik arzuolunan səviyyədə deyil, bir çox hallarda müasir elmin tələblərinə cavab vermir.
Digər diqqət tələb edən məsələ kolleclərin idarə olunması ilə bağlıdır. İdarəçiliyin təkmilləşdirilməsi məqsədilə kolleclər universitetlərin tabeliyinə verilsə də, bəzi universitetlər tərəfindən onlara nəzarət zəif təşkil olunur. Nəticədə, bəzi kolleclərdə neqativ hallar davam edir, idarəetmə daha da zəifləyir.
Təhsil haqları ilə bağlı məsələ də cəmiyyətdə geniş müzakirələr doğurur. Bəzi təhsil müəssisələrində yüksək təhsil haqları tələb olunduğu halda, bu, təhsilin keyfiyyəti ilə həmişə üst-üstə düşmür. Halbuki yüksək ödəniş tələb edən təhsil müəssisələri göstərdikləri tədris xidmətinin keyfiyyətinə görə məsuliyyət daşımalıdır.
Ali təhsildə ixtisasların yenilənməsi və yeni ixtisasların yaradılması günün aktual məsələlərindəndir. Çünki bir sıra universitetlərdə mövcud ixtisaslar artıq müasir dövrün tələblərinə tam cavab vermir. Bu sahədə təhsil proqramları yenidən nəzərdən keçirilməli, əmək bazarının çağırışlarına uyğun yeni istiqamətlər yaradılmalıdır.
Başqa bir mühüm məsələ ixtisasların təkrarlanması və nəticədə əmək bazarında müəyyən ixtisas sahiblərinin artıq olmasıdır. Bu, məzunların iş tapmaq imkanlarını məhdudlaşdırır. Bu tendensiya ciddi təhlil edilməli, müvafiq tədbirlər görülməlidir.
Eyni zamanda ali təhsil müəssisələrində elektron təhsil sisteminin tam şəkildə qurulması da sürətləndirilməlidir. Son illər müəyyən addımlar atılsa da, bu proses hələ tam başa çatmayıb, universitetlər əksər sənədləşmə və hesabat işlərini köhnə qaydada aparır. Bu isə əlavə problemlərə yol açır.
Tələbələrin istehsalat müəssisələrində təcrübə və praktika keçməsi məsələsi də əhəmiyyətlidir. Təəssüf ki, bu proses əksər hallarda formal xarakter daşıyır. Halbuki ölkəmizdə çoxlu sayda müəssisələr mövcuddur ki, tələbələr burada real iş təcrübəsi qazana bilər. Universiteti yeni bitirən məzunlar iş taparkən ən çox təcrübə çatışmazlığına görə çətinlik çəkirlər. Təcrübə proqramları düzgün təşkil edilsə, onlar gələcəkdə əmək bazarına daha rahat inteqrasiya olunarlar.
Bu məsələlər sırasında xüsusi əhəmiyyətə malik məsələlərdən biri də müəllimlərin rifah halının daha da yaxşılaşdırılmasıdır. Son illər bu sahədə xeyli işlər görülsə də hələ də həllini gözləyən bir sıra məsələlər var".