Müəllimlər insanlara yalnız elm deyil, həm də həyat bəxş edirlər-Özəl
11:10 Sosial"Müəllim adını daşımaq böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki müəllim yalnız bilik öyrədən insan deyil, həm də cəmiyyətin ziyalı təbəqəsinin simvolu, gələcəyin qurucusu və nəsillərin yol göstərəni¬dir. Müəllimin fəaliyyəti, onun yetişdirdiyi şagirdlərin düşüncəsi və dünyagörüşü birbaşa cəmiyyətin gələcəyini müəyyənləşdirir. Bilikli və savadlı cəmiyyət isə hər bir ölkənin inkişafının, tərəqqisinin və təhlükəsizliyinin ən möhkəm təməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" müdrik kəlamı hər birimiz üçün daim yol göstərən, müəllimlik peşəsinin ucalığını ifadə edən əbədi bir həqiqətdir.
Mən də həyatda qazandığım hər bir uğura görə müəllimlərimə borcluyam və onlara sonsuz minnətdarlıq hissi daşıyıram. Çünki onlar mənə yalnız yazmağı və danışmağı deyil, həyatı anlamağı, cəmiyyətdə özümü necə aparmağı, insanlara hörmət etməyi, qarşıma məqsədlər qoymağı və həmin məqsədlərə inamla çatmağı öyrədiblər.
Bu gün mənə dərs deyən müəllimlərimin əksəriyyəti artıq bu dünyada yoxdur. Onların hər birini böyük ehtiram və minnətdarlıqla xatırlayıram. Allah dünyasını dəyişən bütün müəllimlərimizə rəhmət eləsin, ruhları şad olsun. Sağ olan müəllimlərimizə isə möhkəm can sağlığı, uzun ömür və könül rahatlığı arzulayıram.
İnsan həyatda çox şeyi unuda bilər, amma ona ilk dəfə qələm tutmağı öyrədən, doğru sözü söyləməyi, düzgün addım atmağı və həyata inamla baxmağı aşılayan müəllimini heç vaxt unutmur. Müəllimlərim bu gün də qəlbimdə, xatirələrimdə yaşayır. Onların hər birinin həyatımda silinməz izi, yaddaşımda əbədi yeri var.
Bu gün mənə dərs demiş, üzərimdə əziyyəti olmuş bütün müəllimlərimin timsalında bütün müəllimlərini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Əziz müəllimlər! Sizin zəhmətiniz görünməz, amma nəticələri bir ömür boyu görünən böyük bir xəzinədir. Siz insanlara yalnız elm deyil, həm də həyat bəxş edirsiniz. Sizin öyrətdiyiniz hər bir söz, verdiyiniz hər bir nəsihət, göstərdiyiniz hər bir doğru yol illər keçsə də yaddaşlardan silinmir.
Arzum budur ki, hər bir müəllim daim hörmətlə qarşılanan, əməyinə layiq qiymət verilən, yetirmələrinin uğurları ilə qürur duyan və sevgi ilə xatırlanan bir ömür yaşasın.
Bütün müəllimlərə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və tükənməz mənəvi güc arzulayıram. Bayramınız mübarək, əziz və dəyərli müəllimlər! Sizin əməyiniz qarşısında baş əyir, hər birinizə sonsuz minnətdarlığımı bildirirəm".