GÖY ADAMLARIDIR YAXŞI ADAMLAR

Sona Vəliyeva

Bu günlərdə görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin doğum günü idi. Sona Vəliyeva qüdrətli söz ustadını onun yaradıcılığına həsr etdiyi iki şeirlə təbrik edir

GÖY ADAMLARIDIR YAXŞI ADAMLAR

Sevimli adamları tez aparır Tanrı.

Vaqif Bayatlı Odər

Bayatısıyla,

ağısıyla,

namazıyla,

duasıyla,

insana aid günahıyla,

savabıyla

həmsöhbəti Allah olan adamın

hər gün yerdəki işi,

sən demə,

darıxmaq vərdişi...

Ağa, bəy kişilər,

sultan analar,

xanım-xatın nənələr

ölmədilər,

ipək-ipək öyüdləri ilə

hər an bizimlədirlər...

Nəsillərin davamına,

keçib getmədilər

körpü olan dədələr.

Əlləri,

qolları

yaxşılıq körpülərinə dayaq,

özləri qeyb oldular.

Ölmədikləri üçün

şəkillərinə izin vermədilər

qəbirdaşına qonmağa.

Üzləri mələk üzü olduğundan

onsuz da, şəkildə görünməzlər...

Yaxşıların qalanları

Vətən yolunda, Allah,

insanlıq uğrunda

şəhid ömrü qazandılar.

Bu ömür yerdə qərar tutmaz...

Ona görə aramızdan köçüb

Allah yanında

dualardan saraylar ucaltdılar...

Vətənə məcnun sevgisini

həqiqət bəlgəsi sandılar...

Sevgilərini ömür yerinə,

bəzən də şəkil yerinə

xatirə-xatirə ürəyimizdən asdılar...

Qolları bulud olub

Yeri, Göyü qucan

Allahın sevimliləri

Allahdan,

torpaqdan,

azadlıqdan,

haqq yolunda

cihaddan özgə

heç nəyə

könül bağlamadılar...

Allah aşiqlərinin,

mələk xislətlilərin

Şeytan şər qarışdıran yerdə,

bu qərib diyarda,

Yerdə nə işi var?

ŞAİRLƏR BİR_BİRİNİN QAN QOHUMLARIDIR

Vaqif Bayatlı Odərə

Dünyanın bütün şairləri

qan qohumlarıdır.

Şairlər bir-birinin

tale davamçısı,

dərd ortağıdır.

Dünyanın bütün şairləri

doğmadırlar bir-birinə...

Min il əvvəl,

günbatanın o üzündə doğulan

və ya günəşi şeiriylə salamlayan,

bir-birini görməyən,

tanımayan şairlər

dərd,

kədər

bölgüsünə

ürəklərinin qapılarını

hamıya açdığına görə

qan qohumudurlar...

Şair bilər

şairin insanlardan çox

yağışla dərdləşməsini,

yerdə özünü qərib bilib

göyə Vətən deməsini.

Şair anlar

şairin qəmə sevdalanmasını.

Sözə,

Allaha

könül bağlamasını...

Belə olmasaydı,

aylı gecədə Nazim Hikmətin

Doktor Faustun evi önündə

bir İstanbul görüşünə

Mefistofelə hər şeyindən

keçməyə hazır olması düşüncəsi

ürəyimə dünya boyda

dağ basmazdı ki...

Nə fərqi - Vətən həsrətlisi

Nazim Hikmətdirmi,

yoxsa mənəmmi?..

Bir torpağın Mahmud Dərviş qeyrəti

içimdə coşursa,

bir millətin dərdi,

azadlıq,

hürriyyət arzusu

mənim yuxularıma köçübsə,

demək, şairlər

bir-birinin əzizləridir.

Lorkanın,

Pablo Nerudanın kədəri,

Vətən düşüncəsi,

Hadinin,

Cavidin

ruhunda təcəlla edən

Tanrı zərrələri

haqq nurunu hələ də

bəşəriyyətə sübut edirsə,

yetişən şair nəsli eyni zərrənin

davamıdır, demək.

Şairlər bütöv ruhun parçaları,

dini,

milliyyəti eyni...

Ən böyük səhvləri

cahillər arasında ədalət,

məsumiyyət axtarışı...

İnsanları inandıra bilmədikləri

fikir isə hamıya sevgilərinin olması,

hamıya inanmaqları...

Başqalarından ən böyük fərqlilikləri -

qanadlı doğulmaqları...

Şairlər bir-birinin əzizi,

bir-birinin dərd əkizi...

Əzabları,

dərdləri,

qəmləri ortaq qazanc xəzinələri...

İllər əvvəl Can Yücəlin

"Kəndimdən əfv dilərəm" şeirinin

mənim ürəyimin

yağıyla yazıldığı kimi...

Və ya Yeseninin

Müşfiqlə qardaşlığına

həsrət,

nisgil ortaqlığına

hönkürdüyüm kimi...

İllərin ömürdən qopardığı fəsillər

şair dərdlərini soldurmadan ötürəcək

əsrlərdən əsrlərə...

Tarixə sübut kimi

şair talelərinin qohumluğu

bitməyən kədəriylə ölçüləcək.

Ey, dünyanın bütün insanları,

eşidin,

harada,

nə zaman doğulmasından

asılı olmadan şairlər

qan qohumlarıdı,

ölçüsüz zamanın

dərd-qəm ortaqlarıdı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31